Terrora qarşı amansız mübarizə bizim qırmızı xəttimizdir. Artıq bütün müttəfiqlərimizdən qəti və aydın mövqe gözləyirik.
Teleqraf.com xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Sammitinin Zirvə toplantısından sonra keçirilən mətbuat konfransında deyib.
Türkiyə Prezidenti çıxışında deyib: “Biz NATO-nun Ukrayna Şurasının sessiyası ilə Vilnüs sammiti proqramını yenicə yekunlaşdırdıq. Biz alyansın 74 illik tarixində daha bir mühüm zirvə görüşünü uğurla başa vurduq. Təbii ki, sammitimizin uğurlu keçməsində digər amillərlə yanaşı, ev sahibimizin qonaqpərvərliyi də həlledici rol oynadı. Mən bütün Litvanın hakimiyyət orqanlarına, xüsusilə Litva Prezidentinə, əziz dostum cənab Gitanas Nausedaya təşəkkür etmək istəyirəm. Eynilə, mən öz adımdan və nümayəndə heyətim adından Baş katib cənab Stoltenberqə və onun komandasına, həmçinin bütün müttəfiqlərimizə 6 fevral zəlzələlərində bizə göstərdikləri həmrəyliyə görə ölkəm və millətim adından bir daha minnətdarlığımı bildirirəm".
“50 mindən çox insanımızın həlak olduğu bu böyük fəlakətdə bizə dəstək olan dostlarımızı hər zaman minnətdarlıqla xatırlayacağıq. Rusiya-Ukrayna müharibəsinin 504-cü gününü geridə qoyuruq. Münaqişələr davam etdikcə dağıntılar, qan və göz yaşları artmaqda davam edir. Müharibənin acısını tək tərəflər deyil, Avropadan Afrikaya, Asiyadan Balkanlara qədər müxtəlif coğrafiyalarda yerləşən bir çox ölkələr çəkir" – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
"Afrikalı qardaşlarımızı təsir edən ərzaq qıtlığı, bütün dünyada son 50-60 ilin pik həddinə çatan inflyasiya dərəcələri və enerji qiymətlərindəki hədsiz artımlar söylədiklərimin yalnız bir hissəsidir”, - deyə Rəcəb Tayyib Ərdoğan əlavə edib.