“Vaqner” qruplaşmasının qiyamından sonra 15-ə yaxın rusiyalı zabit vəzifəsindən uzaqlaşdırılıb, 13-ü isə dindirilmək üçün saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “The Wall Street Journal” məlumatlı mənbələrə istinadla yazır.
Məlumata görə, “Vaqner” lideri Yevgeni Priqojinin Moskvaya yürüşü başlayandan bir neçə saat sonra Rusiyanın təhlükəsizlik xidmətləri bir neçə yüksək rütbəli hərbçini, o cümlədən general Sergey Surovikini saxlayıb.
Surovikin Moskvada dindirilir, amma ona qarşı cinayət ittihamı irəli sürülməyib. Nəşrin mənbələrindən biri əmindir ki, general qiyam planından əvvəlcədən xəbərdar ola bilər, amma özü bunda iştirak etməyib.
Dindirildikdən sonra general-polkovnik Andrey Yudin və general-leytenant Vladimir Alekseyev vəzifələrindən kənarlaşdırılıb. General-polkovnik Mixail Mizintsev isə saxlanılıb.
Bu gün isə internetdə 58-ci Ordunun komandiri general-mayor İvan Popovun tabeliyində olanlara Rusiya ordusundakı problemlər barədə məlumat verdikdən sonra işdən çıxarıldığını dediyi səsyazısı yayılıb.