NATO-nun son sammitindən sonra ABŞ-ın “Politico” qəzetinin təhlilində İsveçin alyansa üzvlüyü prosesi müzakirə olunub.
Teleqraf.com xəbər verir ki, Amerika nəşri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçə “yaşıl işıq” yandırmasının dünya mediasında rezonans doğurduğunu yazır.
“Etiraf etməlisiniz ki, Ərdoğan Türkiyənin milli maraqlarını qorumaqda yaxşı oynayır. Ərdoğan dünya siyasətinin ustasıdır”, - təhlildə bildirilir.
“Politico” vurğulayır ki, Vaşinqton və Brüssel NATO-nun genişlənməsi və İsveçin üzvlüyü məsələsində Ərdoğanı yanlış şərh ediblər. Nəşr Türkiyə liderinin məqsədinin daha yaxşı anlaşma əldə etmək olduğunu vurğulayır.
Türkiyənin 40 yeni F-16 və modernizasiya dəstləri ilə hava qüvvələrini yeniləməyə çalışdığını yazan qəzet ABŞ prezidentinin müşaviri Ceyk Sallivanın Ankaranın İsveç qərarının F-16-larla heç bir əlaqəsinin olmadığını dediyini xatırladır.
Təhlildə belə bir ifadəyə də yer verilir: “Hər bir detektiv bilir, təsadüflər çox nadir olur”.
Nəşr Co Bayden administrasiyasının son iki həftədə F-16 məsələsini Konqresin müzakirəsinə çıxardığına da diqqət çəkir.