Suriyada vətəndaş müharibəsinin başlamasından sonra bu ölkə ilə diplomatik əlaqələrini dayandıran İraqdan 13 il sonra kritik addım gəlib.
Teleqraf.com xəbər verir ki, İraq Baş naziri Məhəmməd Şiya əl-Sudani Suriyaya səfər edib.
İraq baş naziri Suriyanın paytaxtı Dəməşqdə Prezident Bəşər Əsədlə görüşündən sonra keçirilən birgə mətbuat konfransında açıqlamalar verib.
İraq və Suriya arasında ortaq əlaqələrin olduğunu bildirən Sudani iki ölkənin risklərə qarşı birlikdə mübarizə aparmasının lazım olduğunu deyib.
“İraq Suriyanı dəstəkləyir və qapımız investisiyalar üçün açıqdır”, - baş nazir söyləyib.
Sudani qeyd edib ki, regionun təhlükəsizliyi və sabitliyinin açarı yaxşı iqtisadi durumdur. O, Suriya və İraqın ortaq çətinliklərin olduğuna diqqət çəkib.
Zəlzələdə yaşanan çətinliklərə qarşı İraqdan dəstək aldıqlarını xatırladan Bəşər Əsəd isə Sudani ilə regional məsələləri müzakirə etdiklərini və bölgənin yaxşı bir prosesdən keçdiyini bildirib.
Sudaninin ziyarəti 2010-cu ildən bəri İraqdan Suriyaya ilk yüksək səviyyəli səfər olub. Bu ölkədən Suriyaya sonuncu səfəri 2010-cu ildə keçmiş baş nazir Nuri əl-Maliki etmişdi.