Niger prezidenti Məhəmməd Bazumun devrilməsi mərkəzi Afrikada qərbdə Qvineyadan şərqdə Sudana qədər bir kəmər yaratdı və burada seçilmiş liderlər devrildi.
Teleqraf.com xəbər verir ki, bu barədə "New York Times" (NYT) nəşrində məqalə çap olunub. Yazıda Vaşinqtonu təhdid edən “Afrika çevriliş kəməri”i barədə ətraflı izahlar verilib.
Nəşr qeyd edir ki, bu cür tendensiyalar ABŞ-ın regionda nüfuzunu sarsıdır və Rusiyaya yol açır. “Keçən həftəyə qədər Niger Pentaqonun regional strategiyasının təməl daşı idi. Ölkədə ən azı 1100 ABŞ əsgəri yerləşdirilib və ABŞ Niamey və şimaldakı Aqadez şəhərində pilotsuz təyyarə bazaları tikib, onlardan biri 110 milyon dollara başa gəlib. İndi bütün bunlar təhdid altındadır", deyə nəşr yazır.
Məqalədə bildirilir ki, Amerikanın istənilən geri çəkilməsi Rusiyanın qapılarını aça bilər. Qəzet qeyd edir ki, Rusiya Afrikanın bəzi bölgələrində özünü "anti-Qərb və xüsusilə də anti-Fransa əhval-ruhiyyəsinin məşəldarı" kimi göstərir.