Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Avropa İttifaqını (Aİ) Rusiya-Ukrayna münaqişəsinin həlli üçün sülh diplomatiyasını inkişaf etdirməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, Papa Fransisk Aİ-nin münaqişələrin həlli istiqamətində səylərini artırmasının vacibliyini vurğulayıb.
Roma Katolik Kilsəsinin rəhbəri Avropanın müharibə və silahlanma yarışının qaçılmaz olduğunu düşünməkdənsə, sülhə və diplomatik həll yollarına nail olmaq üçün yenilikçi yanaşmalar təklif edəcəyinə nikbinliyini ifadə edib.
“Dünyanın əsl Avropaya ehtiyacı var. Avropa Aralıq dənizi, Afrika və Yaxın Şərqdə körpü rolunu oynamalı və barışdırıcı funksiya yerinə yetirməlidir. Münaqişələrin həlli və gərginliyin azaldılması üçün dinc diplomatiya qurulmalıdır. Əgər siz dünyaya Ukraynadakı müharibəni və bu qədər qan tökülməsinə səbəb olan çoxsaylı münaqişələri dayandırmaq üçün sülh vasitələri təklif etmirsinizsə, hara doğru yol almaq istəyirsiniz? Silahlanmaya deyil, insan kapitalına sərmayə qoymaq lazımdır”, - deyə Papa Fransisk bildirib.