10 Avqust 2023 13:47
2 463
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezident Co Baydenin oğlu Hunter Bayden və onun biznes tərəfdaşlarının Rusiya və Qazaxıstan oliqarxları da daxil olmaqla xarici iş adamları və şirkətlərdən milyonlarla dollar ödəniş aldığını göstərən bank qeydləri yayılıb.

Teleqraf.com xəbər verir ki, sənədləri ABŞ Konqresi Nümayəndələr Palatası Nəzarət və Hesabat Komitəsinin sədri Ceyms Komer paylaşıb.

Komitə sədri “X.com” hesabında Hunterin bank köçürmələri ilə əlaqədar ekran görüntüləri də daxil olmaqla 19 səhifəlik sənəd yayıb.

Sənədlərdə qeyd olur: “Keçmiş vitse-prezident Hunter Bayden xeyli müddət ərzində əcnəbi oliqarxlarla və ya onların nümayəndələri ilə şəxsən görüşüb. Hunter Bayden xarici iş ortaqları ilə 20-yə yaxın yüksək səsli dinamik telefon danışıqlarında iştirak edib və külli miqdarda pul ödəyən əcnəbi oliqarxlarla şam yeməyində görüşüb. Baydenlərin satdığı yeganə məhsul “Joe Biden” brendi olub”.

Skrinşotların birində Hunter Baydenin Moskvanın keçmiş meri Yuri Lujkovun dul arvadı Yelena Baturinadan 3,5 milyon dollar aldığı da iddia olunur. Qeyd olunub ki, Co Bayden 14 fevral 2014-cü ildə Vaşinqtonda “Cafe Milano”da Baturina, Hunter və digər iş ortaqları ilə şam yeməyində görüşüb.

Ceyms Komer Hunter Baydenin tərəfdaşı olduğu şirkətlərə edilən pul köçürmələrini də paylaşıb. 2014-cü ilə aid sənədlərdə Hunter Baydenin Ukraynanın enerji firması “Burisma Holding”, rusiyalı oliqarx Yelena Baturina və qazaxıstanlı oliqarx Kenes Rakişevdən milyonlarla dollar ödəmə qəbul edib. Daha sonra Hunter Baydenin Rakişev və “Burisma Holding”in nümayəndəsi ilə nahar etdiyi də bildirilib.

Əvvəllər Bayden ailəsinin bəzi Çin və Rumıniya təşkilatlarından aldığı ödənişlərlə bağlı məlumatları paylaşan Komitənin sənədlərində sözügedən xarici ödənişlərin ümumilikdə 20 milyon dollardan çox olduğu qeyd edilib.

Sənədlərdə Hunter Baydenin xarici iş adamlarından və şirkətlərdən pul köçürmələrini digər iş ortaqları ilə qurduğu şirkətlər vasitəsilə etdiyi qeyd olunub. İddia olunur ki, pul köçürmələri “Rosemont Seneca Partners”, “LLC”, “Rosemont Seneca Thornton” və “Rosemont Seneca Bohai, LLC.” adlı şirkətlərlə edilib.

Co Bayden oğluna pul göndərən oliqarxlarla şam yeməyində

Ceyms Komer mətbuata açıqlamasında bildirib: “Görünür, Co Bayden özü başda olmaqla, Bayden şəbəkəsinə daxil olmaqdan başqa heç bir real xidmət göstərilməyib. Deyəsən, Hunter Bayden bunu yerinə yetirib. Bu, o vaxtkı vitse-prezident Co Baydenin oğluna dünyanın hər yerindən pul göndərən oliqarxlarla nahar etdiyi “Cafe Milano”dakı yeməklərlə aydın olur”.

Komer vurğulayıb ki, Nəzarət Komitəsinin sədri olaraq Baydenin oğlunun öz adını brend kimi istifadəsinə və əlaqələr qurmaq müqabilində pul qazanmasına bilərək icazə verib-vermədiyini müəyyən etmək üçün şahid ifadələri axtarmağa davam edəcək.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər