Azərbaycandan sonra Pakistan da Türkiyənin KAAN Milli Döyüş Təyyarəsi Proqramına qatılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Haber7” saytı məlumat yayıb.
Sayt artıq Pakistanla anlaşmanın imzalanmaq üzrə olduğunu bildirib:
“Bu yaxınlarda yer sınaqlarına başlayan KAAN qırıcı təyyarəsi ilə bağlı Azərbaycan tərəfindən kritik qərar qəbul edilib. Qəbul edilən qərara uyğun olaraq Türkiyə və Azərbaycan milli döyüş təyyarəsinin - KAAN-ın inkişafı üçün əməkdaşlıq müqaviləsi imzalayıb. Məsələ ilə bağlı IDEF-23 beynəlxalq sərgisi çərçivəsində “Milli Döyüş Təyyarələrinin İnkişafı üzrə Əməkdaşlığın İmzalanma Mərasimi” keçirilib. Müqavilə Azərbaycan Müdafiə Nazirliyi ilə TUSAŞ arasında imzalanıb.
T0 adlanan KAAN-ın ilkin şərtlərinin yerinə yetirildiyi tarix 2018-ci ildir.
2018-2022-ci illər arasında KAAN-ın ilkin layihələndirmə işləri aparılıb.
2022-2029-cu illərdə KAAN-ın əhatəli layihələndirmə və kvalifikasiya fəaliyyətləri həyata keçiriləcək. Bu çərçivədə KAAN 2023-cü ildə anqardan çıxarılıb. 2026-cı ilə qədər 3 prototipin istehsalı planlaşdırılır.
Hərbi Hava Qüvvələri Komandanlığına təhvil veriləcək “Blok-10” konfiqurasiyasının 2029-cu ilə qədər hazırlanması gözlənilir.
Növbəti mərhələdə istehsal olunacaq 10 ədəd “TF-X Blok-1” döyüş təyyarəsi 2030-2033-cü illər arasında Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil veriləcək. Amma Türkiyə Hərbi Hava Qüvvələrinin açıqladığı bu tarix TUSAŞ tərəfindən 2028-ci il olaraq yenidən nəzərdən keçirilib.
2034-2040-cı illər arasında digər TF-X bloklarının inkişafı və kütləvi istehsalı fəaliyyətləri həyata keçiriləcək. Bu tarix TUSAŞ tərəfindən 2030-cu il olaraq dəyişdirilib”.
Türkiyə müdafiə naziri Yaşar Gülər bundan əvvəl Pakistanın KAAN Milli Döyüş Təyyarəsi Proqramında iştirakı ilə bağlı müqavilənin imzalanmaq üzrə olduğunu açıqlayıb.
“Bizə F-35 vermədilər. Bu da bizi öz təyyarəmizi yaratmağa təşviq etdi. Bir növ bizə yaxşılıq etdilər, indi KAAN-ı hazırlayırıq. Dost və qardaş ölkələr də bu layihədə tərəfdaş olmaq üçün səy göstərirlər. Azərbaycanla müqavilə imzalanıb, Pakistanla imzalanmaq üzrədir, başqa ölkələr də var. Onlar da gələcək”, - nazir bildirib.