"Parisdə terroru törədənlər ən qatı cinayətkarlardır"
"Parisdə baş verən terrorun İslam dini ilə əlaqələndirilməsi müsəlman dünyasına həqarətdir. "Qurani-Kərim"də terror lənətlənir. Bir nəfərin öldürülməsi bütün nəslin qətli kimi xarakterizə olunur. İslamda cihad var. Cihad dövlət, torpaq, namus üstündə olur. Hər bir müsəlman müdafiə olunmalıdır. O halda cihada, hücuma qalxmaq olar ki, bu, elan olunsun. Bir çox qüvvə, mərkəz çalışır ki, baş verənləri İslamla əlaqələndirsin. Azərbaycanda terroru yanlış dəyərləndirənlər başa düşməlidilər ki, onlar həmin mərkəzlərin dəyirmanlarına su tökür. Parisdə baş verənlər terordur və onu törədənlər ən qatı cinayətkarlardır. Terrorun dini, irqi, milliyəti olmur. Onlar Allahın lənətinə gəlmiş kəslərdir".
Bunu Teleqraf.com-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli Fransada törədilən terrorun İslam dini ilə əlaqələndirilməsinə münasibət bildirərkən qeyd edib.
Onun sözlərinə görə, Fransa prezidenti baş verənləri müsəlmanlarla, İslamla əlaqələndirmədiyi halda, bəzilərinin sosial şəbəkədə hay-həşir salması başa düşülmür: "Terror heç bir halda mübahisə predmeti ola bilməz. Məhəmməd peyğəmbəri təqhir edən redaksiyaya qarşı svil qaydada mübarizə aparmaq lazım idi. Məsələni ictimailəşdirmək, redaksiyanı qınamaq, məhkəməyə müraciət etmək olardı. Təəssüf ki, burada ən uğursuz yola - terrora əl atıldı".
Seyid Camal hesab edir ki, burada diqqət çəkən məqam beynəlxalq ictimaiyyətin dünyada baş verən terror aktlarına ikili münasibət sərgiləməsidir: "Hər gün müsəlman dünyasında terror baş verir. Terrora ən çox müsəlmanlar məruz qalır. İnsanlar bir-birini öldürür. Günahsız insanlar terrorun qurbanı olur. Amma dünya birliyi buna zəif reaksiya nümayiş etdirir. Beynəlxalq ictimai rəyi formalaşdıran fikir babaları nədənsə İslam dünyasını, müsəlmanları yaddan çıxarır. Parisdə 12 nəfər öldürülüb, dünyanın bütün yerlərindən insanlar Fransaya axışır, matəmdə iştirak edirlər. Amma Xocalıda yüzlərlə dinc sakin qətlə yetirildi, buna xarici reaksiyaların səviyyəsi çox aşağı oldu. Bu əslində bizim günahımız deyildi. Dünya birliyi ədalətsizliyə yol verir. Bu o demək deyil ki, biz bununla razılaşmalı və təbliğatdan imtina etməliyik. Azərbaycan gənc dövlət olaraq bu istiqamətdə işlərini davam etdirməlidir".
Ayxan