Hollandiyalı pivə istehsalçısı “Heineken” Rusiyadakı fəaliyyətini simvolik olaraq 1 avroya bu ölkənin “Arnest Grup”na satıb.
Teleqraf.com xəbər verir ki, bu barədə istehsalçı şirkət özü məlumat yayıb.
Şirkətin Rusiya bazarından çıxışının tamamlandığı açıqlanıb. Bildirilir ki, satış müqaviləsi bütün lazımi təsdiqləri alıb. Ehtimal olunur ki, fövqəladə əməliyyat itkiləri 300 milyon avro ilə nəticələnəcək.
Şirkətin Rusiyada yeddi pivə zavodu, 1800 işçisi var idi.
“Heineken” Rusiya-Ukrayna müharibəsi başlayandan sonra 2022-ci ilin martında Rusiyanı tərk etmək niyyətini açıqlasa da, ayrılma prosesi gözlənildiyindən daha uzun sürüb.
“Heineken”in fəaliyyətini ələ keçirən “Arnest Group” isə Rusiyada ən böyük aerozol istehsalçısı kimi tanınır. Qrup kosmetika və məişət mallarının satışı üzrə də fəaliyyət göstərir.