Cənubi Koreya qonşusu Şimali Koreyanın raket sınaqlarının sonunun yaxşı olmayacağı qənaətindədir. Cənubi Koreya Prezidenti Yun Sok Yol bəyan edib ki, Pxenyan öz məqsədlərinə çatmaq üçün nüvə silahından istifadə edə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertlərinə görə, həyəcan üçün ciddi əsas var:
“Şimali Koreya sentyabrın 2-də Sarı dəniz iqtiqamətində bir neçə qanadlı raket atıb. Şimali Koreya lideri Kim Çen In isə bir neçə gün əvvəl hərbi sursat fabrikinə baxış keçirib. Pxenyan nüvə proqramı ilə yanaşı, hərbi dəniz qüvvələrinin gücləndirilməsinə çalışır. Bundan başqa, Şimali Koreyada hədəflərin məhv edilməsi imitasiyası ilə taktiki nüvə silahlarına zərbələr endirmək üzrə təlimlər keçirilib.
Cənubi Koreyanın bu durumda ABŞ və Yaponiya ilə hərbi əməkdaşlığı genişləndirməkdən başqa alternativi yoxdur. Üç ölkənin liderləri ildə ən azı bir dəfə ortaq toplantı keçirməyi qərara alıblar. Liderlərin sonuncu görüşü avqustda ABŞ prezidentinin Kemp-Deviddəki rezidensiyasında keçirilib.
Maraqlıdır ki, 2015-ci ildən bu yana Kemp-Deviddə qonaqların iştirakı ilə görüşlər olmayıb. ABŞ Prezidenti Co Bayden Yun Sok Yol və Yaponiya Baş naziri Fumio Kişida ilə iki mövzunu müzakirə edib: Şimali Koreyanın hədələri və Çinin dayandırılması.
Vaşinqton artıq üç dövlətdən ibarət yeni koalisiya yaradıb. Bu format ABŞ üçün həm də ona görə vacibdir ki, Cənubi Koreya ilə Yaponiya arasında da zaman-zaman fikir ixtilafları yaranır. Bu, Amerikanın təhlükəsizlik maraqlarına ziddir. Cənubi Koreya və Yaponiya tarixi mövzularda fərqli yanaşmalar ortaya qoyurlar. Vaşinqtonun məqsədi bu iki ölkəni tarixi mövzulardakı ixtilafdan yayındıraraq diqqəti hazırkı qlobal problemlərə yönətlməkdir. Vaşinqton Seul və Tokionu inandırmağa çalışır ki, üçlük Şimali Koreya və Çinin təhlükəli siyasətlərini dayandırmaq üçün aralarındakı ittifaqı gücləndirməlidir”.
Təhlildə vurğulanır ki, Vaşinqton Çinin bölgədə artan gücündən də narahatdır:
“Buna baxmayaraq, Vaşinqtonla Pekin arasında dialoq var. Doğrudur, bu dialoq problemləri həll etməsə də, tərəflər fikir mübadiləsindən imtina etməyib. Vaşinqtonun Şimali Koreya ilə isə dialoqu yoxdur. Bayden Şimali Koreya diktatoruna görüş təklif etsə də, qarşı tərəfdən müsbət cavab almayıb. Kim Çen In Vaşinqtonla dialoq əvəzinə Moskva və Pekinlə strateji tərəfdaşlığı gücləndirməyə qərar verib. Şimali Koreya lideri Rusiyaya getməyi planlaşdırıb.
Moskva və Pekin Şimali Koreyanın Vaşinqtonla dialoqunda maraqlı deyil. Hər ikisi Şimali Koreyanın nüvə sınaqlarını davam edirməsini istəyirlər ki, Vaşinqton enerjisinin hamısını Rusiya və Çinlə mübarizəyə sərf edə bilməsin”.