Suriya Prezidenti Bəşər Əsəd Türkiyənin bu ölkədəki hərbi varlığının normallaşmaya yeganə maneə olduğunu deyirlər. Türkiyə isə Suriyanın şimalındakı terror təşkilatına görə bölgəni tərk etməyəcəyini bildirir. İki ölkə arasında vasitəçi rolunu oynayan Rusiya Adana razılaşmasına qayıtmağı təklif edir.
Teleqraf.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalı həmkarının iddia və ittihamlarına cavab verib.
“Əsəd normallaşma ilə bağlı Türkiyə-Rusiya-İran-Suriya formatında atılan addımları uzaqdan, tribunadan izləyir. Heç bir şəkildə iştirak etmir. Biz isə Suriyanın bu işə cəlb olunacağına ümid edərək bu araşdırmalara qapılarımızı açdıq. Ancaq Suriya tərəfində hələ də müsbət münasibət yoxdur. Ümid edirik ki, prosesin davamında masa arxasında öz yerlərini tutacaqlar.
Xarici işlər nazirlərinin görüşlərində terrorla mübarizə, siyasi proseslər, qaçqınların təhlükəsiz, könüllü və ləyaqətli şəkildə geri qayıtması ətraflı müzakirə olunub. Bu mövzularda irəliləyiş əldə olunarsa, Suriya rejimi ilə münasibətləri normallaşdırmaq olar. Suriya rejimi ilə dördtərəfli prosesin əvvəldən şərtsiz olması lazım olduğunu söylədik. Qeyd etdiyim kimi, heç bir ilkin şərt qoyulmadan bu proses mərhələli şəkildə aparılmalıdır”, - Türkiyə lideri bildirib.
Prezident Ərdoğan əlavə edib ki, bunun baş verməsi üçün Suriya rejiminin yerdəki reallığa uyğun hərəkət etməsi və prosesə zərər verə biləcək yanaşmalardan qaçması çox vacibdir:
“Bizim bu prosesdən əsas gözləntimiz terrorla mübarizədə konkret addımların atılmasıdır. Bundan əlavə, könüllü və təhlükəsiz qayıdış üçün lazımi şəraitin yaradılması və BMT-nin himayəsi altında siyasi prosesin canlandırılmasıdır. Bu sahələrdə irəliləyişin əldə olunması prosesi irəli aparmağa kömək edəcək. Əvvəllər də dediyim kimi, sərhədlərimizi və vətəndaşlarımızı təhdid edən terror ünsürləri və əhalinin hərəkətliliyi riskləri aradan qaldırılmayana qədər təhlükəsizliyimizi prioritet hesab edən yanaşmamızı dəyişmək mümkün deyil.
Türkiyə qonşularının ərazi bütövlüyünün tərəfdarıdır. Suriyada vətəndaş müharibəsi başlayandan bəri bu ölkənin ərazi bütövlüyünə ən böyük təhlükənin bu ölkədə yerləşən terror təşkilatları olduğunu deyirik. Ölkəmizi təhdid edən terror təşkilatlarına qarşı mübarizəmiz son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək. Suriyanın şimalını Türkiyəni təhdid edən terror təşkilatlarından təmizləmək üçün o bölgədəyik”.