ABŞ-ın “Nyu-York Tayms” qəzeti (NYT) Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında keçirilən görüşdən yazıb.
Teleqraf.com xəbər verir ki, NATO ilə münasibətləri gücləndirməyə çalışan Türkiyənin İsveçin üzvlüyünə “yaşıl işıq” yandırdığını, bununla Qərb siyasətində dəyişiklik hissi yaratdığını bildirən NYT Ərdoğanın Putinlə görüşündə bu duyğunun buxarlandığını qeyd edib.
Məqalədə Ərdoğanın Soçidə Putinlə yan-yana dayanaraq əməkdaşlığı genişləndirməkdən söz açmasına diqqət çəkib.
ABŞ nəşri Ərdoğanın Rusiya və Qərb arasında ölkəsinin maraqları üçün vasitəçilik etdiyini vurğulayıb.
NYT Ərdoğanın Putinlə əlaqəsini deşifrə etməyin çətinliyindən də bəhs edib: “Bu, qərblilər üçün tapmaca kimidir”.
Məqalənin davamında bu ifadələrə də yer verilib:
“Rusiyanın 18 ay əvvəl Ukraynaya təcavüzündən bəri Putin və Ərdoğan arasındakı münasibətlərin mahiyyətinin deşifrə edilməsi müharibə ətrafında mürəkkəb diplomatiyaya rəhbərlik edən Qərb siyasətçiləri üçün böyüyən tapmacaya çevrilib”.
NYT Ərdoğanın Qərb ölkələrinin Rusiya iqtisadiyyatını hədəf alan sanksiyaları ilə bağlı kompleks mövqe tutduğuna diqqət çəkib:
“Ərdoğan Rusiyanın işğalını pisləməklə və Ukraynaya yardım təklif etməklə daha mürəkkəb mövqe tutdu, eyni zamanda ölkəsinin Rusiya ilə iqtisadi əlaqələrini genişləndirdi və Putini “dostum” adlandırdı. Bu yanaşma Ərdoğana spesifik diplomatik rol və Türkiyəyə əsir mübadiləsi və taxıl müqaviləsində vasitəçilik etməyə imkan verdi”.
Nəşr Qərb ölkələrinin Ərdoğanın Rusiyaya qarşı sanksiyaları rədd etməsindən məyus olduqlarını da yazıb:
“Ərdoğanın Putini təcrid etməkdən imtina etməsi bəzi NATO müttəfiqlərini məyus edib. Bu, Qərb siyasətçilərini, xüsusilə Ərdoğanın həqiqətən hansı tərəfdə dayandığını sorğulamağa vadar edib”.