20 Sentyabr 2023 21:32
2 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusunun effektli zərbələri nəticəsində Rusiyanın S-400 sistemlərinin sayı azalıb. Ukrayna qüvvələri Krımda yerləşən bahalı uzaqmənzilli hava hücumundan müdafiə sistemlərinə zərbələrinin sayını artırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.

İlin əvvəlində Rusiyanın arsenalında təxminən 96 mobil S-400 kompleksi olub. Hollandiyanın “Oryx” kəşfiyyat agentliyinin məlumatına görə, Rusiya S-400 batareyalarının əsas komponentlərini, o cümlədən komanda məntəqələri, buraxılış qurğuları və radarları ən azı beş dəfə itirib. Moskvanın S-400 anbarında başqa itkilər də ola bilər.

S-400 ABŞ-ın “Patriot” sisteminin ekvivalenti və Rusiya hava hücumundan müdafiəsinin “qızıl standartı” hesab olunur. Bu, Moskvanın “soyuq müharibə” dövründəki S-300-lərinin modernləşdirilmiş versiyasıdır və Ukraynaya müdaxilə zamanı da istifadə olunub.

Mütəxəssislər deyirlər ki, S-400-lər əvvəlcə Ukraynada özünü yaxşı tərəfdən göstərib və Kiyevin havaya nəzarət imkanlarını sıradan çıxarıb, amma indi getdikcə dəf edə bilməyəcəyi hücumların hədəfinə çevrilib.

S-400 sisteminin itirilməsi nadir hal olsa da, Rusiyanın hava hücumundan müdafiəsinə ağrılı, baha başa gələn və aşağılayıcı zərbədir. Britaniyalı analitik Sidxart Kauşal hər bir S-400 batareyasının təxminən 200 milyon dollara başa gəldiyini söyləyir.

Rusiyanın qeydə alınan itkilərindən ikisi son 30 gündə baş verib. Ukrayna PUA-ları sentyabrın 14-də Yevpatoriya yaxınlığında S-400-ə zərbələr endiriblər. PUA-lar əvvəlcə radara və antenalara hücum edib, sonra isə sistemin qalan hissəsini məhv edib.

Başqa bir S-400 kompleksi avqustun 23-də Krımın qərbində sıradan çıxarılıb.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücum edəndə Krımda beş S-400 batareyası vardı.

S-400 Rusiyanın aparıcı müdafiə sistemi sayılsa da, britaniyalı hərbi ekspert Devid Hamblinqin fikrincə, Rusiyanın son aylardakı itkiləri bu iddianı alt-üst edir. Onun sözlərinə görə, S-400 əvvəllər yaxşı görünsə də, indi zəif təsir bağışlayır.

“S-400-lərin sıradan çıxarılması hava hücumundan müdafiə sistemində yarıq yaradır, bunlar da Ukrayna ordusu tərəfindən istifadə olunur”, - Hamblinq bildirib.

Onun sözlərinə görə, S-400-lərin itirilməsi Rusiyanın Krımdakı hədəflərini “Storm Shadow” qanadlı raketlərinin hücumlarına qarşısında müdafiəsiz qoyub. O, bu sistemlərin getdikcə daha çox hədəfə alındığını vurğulayır. Bununla belə, Hamblinqin sözlərinə görə, Rusiya böyük ehtimalla S-400 ətrafında müdafiəni gücləndirmək üzərində işləyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər