ABŞ Prezidenti Co Bayden, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolz, İtaliya Baş naziri Gorciya Meloni və Böyük Britaniya Baş naziri Rişi Sunak İsrail-Fələstin münaqişəsi ilə bağlı birgə bəyanat yayıb.
Teleqraf.com xəbər verir ki, liderlər İsrailə sarsılmaz və vahid dəstəklərini, HƏMAS və onun dəhşətli terror aktlarını birmənalı şəkildə pislədiklərini bildiriblər.
“Biz açıq şəkildə bildiririk ki, HƏMAS-ın terror aktlarının nə əsası, nə də legitimliyi var və pislənməlidir. Terrorun heç vaxt bəhanəsi yoxdur”, - bəyanatda deyilir.
Bəyanatı imzalayanlar xəbərdarlıq edirlər ki, indi İsrailə düşmən olan hər hansı üçüncü tərəfin vəziyyətdən öz mənfəətləri üçün istifadə etmək qərarına gəlməsinin vaxtı deyil:
“Biz hamımız Fələstin xalqının legitim istəklərini tanıyırıq və həm israillilər, həm də fələstinlilər üçün bərabər ədalət və azadlığı dəstəkləyirik. Ancaq səhv etməyin: HƏMAS bu istəkləri təmsil etmir və Fələstin xalqı üçün daha çox terror və qan tökməkdən başqa bir şey təklif etmir”.
Liderlər yaxın günlərdə İsrailə özünümüdafiə dəstəyi verəcəklərinə və Yaxın Şərqdə sülhün bərqərar olmasına şərait yaradacaqlarına söz veriblər.