14 Oktyabr 2023 16:25
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “Pervıy kanal” telekanalının keçmiş redaktoru Marina Ovsyannikovanın zəhərləndiyi ehtimal edilir.

Teleqraf.com xəbər verir ki, bu barədə fransız ittihamçılar məlumat yayıb.

Bildirilir ki, rusiyalı jurnalist Parisdə yaşadığı mənzildə qəflətən xəstələnib. Onun zəhərləndiyindən şübhələnən vəkillər təcili yardım çağırıb. Jurnalistin xəstəxanada müalicə aldığı bildirilir.

Prokurorluq rusiyalı jurnalistin zəhərlənmə ehtimalını nəzərdən keçirir. Bu vəziyyət daha öncə Rusiyada müxaliflərin zəhərləndiyi hadisələri yada salır.

“Sərhədsiz Reportyorlar” media monitorinq təşkilatının komandası jurnalistin tibbi yardım tələb etdiyi vaxtdan onun yanında olduğu bildirilib.

Hadisə ilə bağlı istintaqa başlanılıb. Polis jurnalistin mənzilində araşdırma aparır.

Xatırladaq ki, Marina Ovsyannikova 2022-ci ilin martında “Vremya” xəbərlər proqramının canlı efiri zamanı Ukraynada hərbi əməliyyatlar əleyhinə plakat açıb. Bundan sonra o, 30 min rubl məbləğində cərimə olunub və Almaniyaya işləməyə gedib. Həmin il iyulun əvvəllərində Ovsyannikova yenidən Rusiyaya qayıdıb. Avqustun əvvəli jurnalist evində axtarış aparıldıqdan sonra saxlanılıb. Bu dəfə isə o, iyulun 15-də etiraz aksiyası keçirməkdə təqsirləndirilib. Ötən ilin oktyabrında ev dustaqlığından qaçan jurnalistdən bir müddət idi ki, xəbər yox idi.

Hərəkəti ilə beynəlxalq diqqət çəkən jurnalistin qızı ilə birlikdə Rusiyadan qaçmasına və Fransada məskunlaşmasına “Sərhədsiz Reportyorlar” təşkilatı kömək edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər