23 Oktyabr 2023 16:04
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın dəstəklədiyi “Hizbullah” HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumundan sonra bitərəf olmadıqlarını, Fələstinin “müqavimət qrupları”nı dəstəklədiklərini açıqlamışdı.

Teleqraf.com xəbər verir ki, oktyabrın 8-dən İsrail-Livan sərhədində “Hizbullah”la İsrail ordusu arasında toqquşmalar baş verir. “Hizbullah” qarşıdurmalarda indiyədək 26 yaraqlısını itirib.

Bütün bunlara baxmayaraq, əvvəllər az qala hər həftə kamera qarşısına keçərək açıqlamalar verən “Hizbullah” lideri Nəsrullahın oktyabrın 7-dən bəri susması diqqət çəkir.

İsrail ordusu ilə “Hizbullah” arasında 12 iyul - 14 avqust 2006-cı il tarixləri arasında baş verən və minlərlə insanın həyatına son qoyan müharibə rəsmən başlamazdan əvvəl Nəsrullah kamera qarşısına keçərək müharibəyə başladıqlarını açıq şəkildə bəyan etmişdi.

İsrail hərbi gəmisinin Beyrut sahillərində “Hizbullah” tərəfindən hədəfə alınmasından sonra Nəsrullah belə demişdi: “Müqavimət atəşi altında batan İsrail gəmisinə baxın”.

“Hizbullah” liderinin bu mesajından sonra 33 gün davam edən müharibə rəsmən başlamışdı.

Oktyabrın 8-dən etibarən 2006-cı ildə olduğu kimi eyni hadisələr yaşansa da, Nəsrullah “Hizbullah”ın müharibəyə qatılıb-qatılmayacağı ilə bağlı mesaj verməyib.

İsrail-HƏMAS savaşı başlayandan bəri Nəsrullahın adından verilən yeganə açıqlama oktyabrın 13-də Beyrutda İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla görüşü ilə bağlı olub. Abdullahiyan-Nəsrullah görüşü ilə bağlı açıqlamada diqqətçəkən məqam “Hizbullah”ın İsraillə bütün ssenarilərin hazır olması ilə əlaqədar idi.

Abdullahiyan görüşdən sonra Nəsrullaha xitabən belə demişdi: “Bütün ssenarilərin masada olduğunu mənə bildirdi”.

“Hizbullah”ın sözçüsü Rəna Sahili Türkiyənin “Anadolu” agentliyinin “Nəsrullah niyə susur” sualına belə cavab verib: “Vaxtı gələndə danışacaq. Hazırda onun dəqiq nə vaxt danışacağı bəlli deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər