İranlı 16 yaşlı Armita Qaravənd Tehran metrosunda döyülərək komaya düşdükdən bir ay sonra vəfat edib.
Teleqraf.com xəbər verir ki, Tehranda tələbə olan Armita intensiv müalicə və 28 gün reanimasiyada yatdıqdan sonra bu gün həyatını itirib.
16 yaşlı qız (etnik kürd) metroda huşunu itirmiş halda xəstəxanaya aparılıb. Onun işi haqda ilk dəfə oktyabrın 3-də “Hengaw” adlı hüquq təşkilatı tərəfindən məlumat verilib. Məlumatda gənc qadının metroda baş verən insident zamanı ağır yaralandığı bildirilib.
İranın aidiyyəti qurumları onun qan təzyiqinin qəfil aşağı düşdüyünü, hansısa insidentin baş vermədiyini iddia edirlər. Amma insan haqları qurumları yeniyetmənin molla rejiminin “əxlaq polis”i tərəfindən şiddətə məruz qaldığını deyirlər. Buna səbəb kimi isə Armitanın hicab qaydalarını pozması göstərilir.
Ötən il sentyabr ayında da İranda buna bənzər olay baş verib. Hicab qaydalarını pozmaqda günahlandırılan 22 yaşlı Məhsa Əmini yenə “əxlaq polisi” tərəfindən öldürülüb. Məhsanın ölümü İranda aylarla davam edən kütləvi nümayişlərə səbəb olub.