Qərb Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnını Prezident Vladimir Zelenskinin yerinə hazırlayır.
Teleqraf.com xəbər verir ki, bunu Zaporojedəki separatçı hərəkatın (“Biz Rusiya ilə birlikdəyik”) lideri Vladimir Roqov deyib.
Onun sözlərinə görə, Zalujnı təzadlı oynamağa çalışır, yerli ictimaiyyət, o cümlədən Qərb qarşısında, xüsusən də ABŞ-da Zelenskidən daha önəmli siyasətçi kimi görünür:
“Məhz buna görə də Zalujnının bütün bəyanatları Qərb mediasında tirajlanır. Çünki o, cəbhədə baş verənlərə aydın və adekvat qiymət verir, bu, Zelenskinin gedişindən sonra onun dialoqa və hakimiyyətin yenidən formatlaşdırılmasına hazır olduğunu göstərir”.
Bundan əvvəl Zalujnı “Economist” nəşrinə müsahibəsində bildirmişdi ki, Ukrayna ordusu əks-hücum əməliyyatının bir hissəsi kimi Krımda vəd edilmiş irəliləyişə nail ola bilməyəcək, çünki münaqişə dalana dirənib.
Ukraynalı general hazırkı vəziyyəti Birinci Dünya Müharibəsi ilə müqayisə edərək, tərəfləri ümidsiz vəziyyətə salan texnoloji inkişaf səviyyəsinə çatdığını söyləmişdi.