HƏMAS və İranın digər proksi terror qruplaşmaları ilə müharibə başlayandan bəri İsrail Suriyada keçirdiyi hava hücumlarından əvvəl Rusiyaya əvvəlcədən xəbərdarlıq etməyi dayandırıb. Bu, Moskva ilə ikitərəfli əlaqələri pisləşdirir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
İsrail öz ərazisinə raketlərin atılmasından sonra Suriyada terrorçu qruplaşmalarla əlaqəli bir çox obyektə zərbələr endirib. Eləcə də “Hizbullah” terror təşkilatının silahlanmasının qarşısını almaq üçün hava limanının uçuş zolaqlarını bombalayıb.
İsrail həftənin əvvəlində Suriya ordusunun Dəradakı bazasına və “Hizbullah” qüvvələrinin bu ölkədə yerləşdiyi əraziyə endirilən zərbələrdən əvvəl Rusiyaya xəbərdarlıq etməyib. Müharibədən əvvəl İsrail bu kimi addımlara görə Rusiyanı məlumatlandırırdı.
Moskva HƏMAS-la müharibə başlayandan bəri dəfələrlə İsraili tənqid edib. Hətta Moskvada HƏMAS-ın nümayəndə heyəti qəbul olunub.