Finlandiya hakimiyyəti qaçqınların nəzarətsiz axını səbəbindən Rusiya ilə sərhəddəki keçid məntəqələrini (CPP) bağlamağa hazırlaşır.
Teleqraf.com-un xəbərinə görə, bu barədə ölkənin daxili işlər naziri Mari Rantanen məlumat verib.
“Daxili İşlər Nazirliyi sərhəd-keçid məntəqələrinin bağlanması və ya işinin məhdudlaşdırılması istiqamətində təklif hazırlayır. Mövcud qanunvericilik buna imkan verir”, - Rantanen bildirib.
Onun sözlərinə görə, bu, ictimai qaydalara, milli təhlükəsizliyə və ya əhalinin sağlamlığına ciddi təhlükə ilə mübarizə aparmağa imkan yaradacaq.
Bu cür təşviş Finlandiyanın cənub-şərq sərhədindən keçidlərin sayının ciddi şəkildə artması ilə əlaqədardır. Rusiyadan qonşu ölkəyə üz tutanlar əsasən Somali, Yəmən, Suriya və sair ölkələrdən olan qaçqınlardır.
Finlandiya hakimiyyəti hesab edir ki, bu, Rusiyanın planlı kampaniyası ola bilər. Çünki Rusiya sərhədçiləri sənədi olmayan şəxslərin buraxılış məntəqələri vasitəsilə Finlandiyaya daxil olmalarına icazə verirlər, hətta sığınacaq axtaranların sərhədə çatmasına kömək də edirlər.
Finlandiya hakimiyyəti artıq məsələ ilə əlaqədar əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Məsələn, Rusiya ilə sərhədi velosipedlə keçmək qadağan olunub. Bundan əvvəl Finlandiya Rusiya qeydiyyatında olan minik avtomobillərinin ölkəyə girişini qadağan etmişdi.
Finlandiyanın rusiyalı turistlər üçün sərhədi bağlayacağı da açıqlanıb. Finlandiya sərhədinin bağlanmasından sonra Şengen turist vizası olan ruslar Avropaya quru yolu ilə yalnız Murmansk vilayəti və Norveç sərhədindən sərbəst şəkildə gedə biləcəklər.
Finlandiyanın Təhlükəsizlik və Kəşfiyyat Təşkilatı (SUPO) Ukrayna müharibəsi və Helsinkinin NATO-ya üzv olması səbəbindən Rusiya ilə münasibətlərin ciddi şəkildə pisləşdiyini açıqlamışdı. SUPO-nun “2023-cü il Milli Təhlükəsizlik hesabatı”nda Rusiyanın Finlandiyaya düşmən ölkə kimi baxdığına dair çoxlu əlamətlər olduğu bildirilir. Gərginliyin düşmənçilik həddinə çatması ehtimalına qarşı Finlandiyanın Sankt-Peterburqdakı konsulluğunu bağlayıb.