Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) rəisi Kiril Budanovun həyat yoldaşı Marianna Budanova zəhərlənib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Babel” Teleqram kanalı Ukraynanın kəşfiyyat mənbələrinə istinadla məlumat yayıb.
İddiaya görə, Budanovaya ağır metal zəhərlənməsi diaqnozu qoyulub.
“Bu maddələr gündəlik həyatda və hərbi işlərdə heç bir şəkildə istifadə edilmir. Bu, bir insanı zəhərləmək üçün məqsədyönlü cəhd ola bilər”, - mənbə bildirir.
Səhhəti pisləşdikdən sonra Marianna Budanova xəstəxanaya yerləşdirilib. Artıq müalicə kursunu bitirir, bir müddət nəzarət altında olacaq. Qətlə cəhd faktı araşdırılır.
Budanova ilə yanaşı, QUR-un bir neçə əməkdaşının da zəhərləndiyi bildirilir.