ABŞ Hərbi Hava Qüvvələri nüvə müharibəsi üçün yeni təyyarə parkı quracaq. Söhbət “Qiyamət təyyarələri” adlanan vasitələrdən gedir.
Teleqraf.com xəbər verir ki, bu barədə "Röyter" agentliyi məlumat yayıb.
Bu təyyarələr ekipajı və sərnişinləri partlayan atom bombasının təsirlərindən qoruya bilir. "Boeing" Korporasiyası müsabiqədən kənarlaşdırılıb, buna görə də müqavilə "Sierra Nevada Corp"a gedə bilər.
ABŞ Hərbi Hava Qüvvələri 2024-cü ildə yeni “Qiyamət təyyarələri”nin hazırlanmasına dair müqavilə bağlamağı planlaşdırır. Bununla belə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) digər şirkətlərdən təklif alıb-almaması ilə bağlı şərh vermir.
Hazırda ABŞ-da "Qiyamət təyyarəsi" funksiyasını yerinə yetirən E-4B "Nightwatch"dır. Onun fəaliyyət müddəti 2030-cu ildə başa çatır.
“Qiyamət günü təyyarələri" parkının inkişafına 2024-cü maliyyə ilində 889 milyon dollar xərclənməsi planlaşdırılır. 2028-ci ilə qədər proqrama daha 8.3 milyard dollar ayrılacaq.
Hazırda E-4B ABŞ müdafiə nazirini daşımaq üçün istifadə olunur. Təyyarə mobil komanda mərkəzi kimi hazırlanıb. Təyyarə nüvə partlayışlarına və elektromaqnit təsirlərə tab gətirə bilir. ABŞ-ın xidmətində dörd E-4B var, amma onlardan yalnız biri daimi döyüş hazırlığındadır.
E-4B-lər havada yanacaq doldurmaqla bir həftə səmada qala bilər. Təyyarədə olan bütün avadanlıqlar nüvə partlayışının təsir faktorlarından qorunur. Təyyarədə eyni anda 100 nəfərə qədər sərnişin ola bilər.