4 Dekabr 2023 11:10
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Yaxın Şərqdə müharibəni dayandırmaq üçün diplomatik fəallığını artırsa da, hələlik nəticə yoxdur. ABŞ dövlət katibi Entoni Blinken İsraillə HƏMAS arasında müharibə başladıqdan bu yana Yaxın Şərqə 4 dəfə səfər edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə bildirilir ki, Vaşinqton əvvəlcə İsrailin HƏMAS-a qarşı savaşını birmənalı şəkildə dəstəkləyirdi, ancaq bombardmanlar nəticəsində Qəzzada ölənlərin sayı artdıqca ABŞ-ın mövqeyi dəyişdi:

“Vaşinqton hazırda atəşkəs və danışıqlara üstünlük verir. Blinken mülki insanların qorunmasının zərurətini bildirib. Dövlət katibi Qəzzaya humanitar yardımın, tibbi ləvazimatlar və yanacağın çatdırılmasının vacib olduğunu vurğulayıb. Buna baxmayaraq, ABŞ administrasiyasının müharibənin ilk günündən yanlış qərar vediyini deyənlər də var. Keçmiş prezident Barak Obamanın milli təhlükəsizlik üzrə müşaviri olmuş Ben Ruds Vaşinqtonun beynəlxalq hüquq və normalara müxtəlif yanaşmasına diqqət çəkib. Əslində, bunun adı “ikili standartlar”dır. Bunu Azərbaycanla bağlı siyasətdə də görmək olar. Vaşinqton uzun illər Azərbaycan ərazilərinin işğal altında qalmasına etiraz etmədi, torpaqlar azad olunan kimi Azərbaycanı “etnik təmizləmə”də ittiham etməyə başladılar.

Beynəlxalq birlik Qəzzada ölümlərin artmasından narahatdır. “NBC News” kanalı rəsmi mənbələrə istinadla Vaşinqtonun Yaxın Şərq siyasətinin yalnız İsrailə dəstək üzərində qurulmasının Amerikanın beynəlxalq aləmdə imicinə zərbə vurduğu xəbərini yayıb. Vaşinqton İsrailin özünümüdafiə haqqını həmişə dəstəkləyir, eyni zamanda, bu mübarizədə “qırmızı xətlər”in aşılmasının əleyhinədir. Buna baxmayaraq, İsrail Baş naziri Benyamin Netahyahu Vaşinqtonun istəklərini yerinə yetirməkdə həvəsli deyil”.

Mərkəzin ekspertləri qeyd edirlər ki, Avropa İttifaqında da İsrailin siyasətiə ilə bağlı narazılıq artıb:

“Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Jozef Borrel müharibənin dayandırılmasının vacib olduğunu bildirib. Pekin də eyni mövqedədir.

Çin Xarici İşlər Nazirliyi Fələstin probleminin həlli ilə bağlı 5 maddədən ibarət plan təklif edib. Pekinin ilk şərti tərəflərin davamlı atəşkəs elan etməsidir. İkinci maddə mülki insanların təhlükəsizliyinin təminat altına alınmasıdır. Üçüncü bənd bölgəyə humanitar yardımların çatdırılmasıdır. Planın dördüncü bəndi diplomatik vasitəçiliyin artırılmasıdır. Pekin məsələnin həllində BMT Təhlükəsizlik Şurasına önəm verilməsini lazım bilir. Planın beşinci bəndi münaqişənin “iki xalq - iki dövlət” prinsipi üzrə həllini təmin etməkdir. Çin bu məqsədlə beynxalq konfransın təşklinin vacib sayır.

Pekin Yaxın Şərqdəki vəziyyətin normallaşmasında Vaşinqtondan geri qalmaq istəmir, bölgədə Fələstin dövlətinin yaradılmasını dəstəkləyir. Çinin bölgədə iqtisadi maraqları var, buna görə də müharibə Yaxın Şərqdəki iqtisadi layihələrinə təhlükə yaradır. Bu səbəbdən də Pekin vasitəçilik fəallığını artırıb. Ancaq Çinin təkliflərinin reallaşacağı problematikdir. Birincisi, İsrail və ABŞ münaqişənin həllində Fələstin dövlətinin yaradılmasını zəruri hesab etmir. İkincisi, Çinin vasitəçiliyinə Pekinin Moskva ilə yaxınlığı mane olur. Məsələn, Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dayandırması üçün fəallıq göstərmir. Odur ki, Pekinin 5 maddəlik planının reallaşacağı problematikdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər