Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Türkiyənin Ermənistanın Metsamor atom elektrik stansiyası (AES) ilə bağlı müraciətinə cavab verib.
Teleqraf.com xəbər verir ki, AEBA rəhbəri Ermənistanın AES-in təhlükəsizliyinin təmin edilməsi üçün “ciddi işlər” gördüyünü iddia edir.
“Ermənistanın AES-lə bağlı AEBA-nın tövsiyə və göstərişlərinə əməl edir. Bu çox vacibdir. AES-də zəruri olan mühüm təmir işləri aparılıb. Beləliklə, fəaliyyətimizi davam etdirə bilərik. AES-in istismar müddəti bir neçə il uzadılmalıdır, bu işlərin aparılmasından razıyıq”, - Qrossi bildirib.
AES-in bağlanması üçün addımların atılmasını tələb edən Türkiyə tərəfinin AEBA-ya ünvanladığı son məktubuna toxunan Qrossi hər kəsi dinlədiklərini və müvafiq izahat verdiklərini deyib:
“Biz hamını dinləyirik. AEBA qlobal təşkilatdır. Ona görə də hamını dinləyirik. Belə narahatlıqlarla bağlı nə etdiyimizi izah edir, hər şeyin düzgün aparıldığına zəmanət veririk. Deyə bilərəm ki, bu tək hal deyil. Dünyanın başqa yerlərində qonşu dövlətlərin bir-birləri ilə müəyyən problemləri olanda mənə yaxınlaşıb qonşu ölkədə nə baş verdiyini soruşurlar. Bunları ciddi qəbul edirik, amma cavabları da təqdim edirik. Növbəti vacib şərt odur ki, Ermənistan bizimlə ciddi işləməyə davam edir, AES-in təhlükəsizliyini gücləndirir və bu məsələdə əminik”.
Qrossi AES-in bağlanmayacağını da açıqlayıb.
Türkiyədən 16 kilometr məsafədə yerləşən Metsamor AES-in istismar müddəti bitdiyi üçün risk yaratdığı səbəbiylə Ankara stansiyanın bağlanması üçün AEBA-ya müraciət etmişdi. Vətəndaşların parlamentə (TBMM) ünvanladıqları şikayətləri araşdıran komissiya AES-in bağlanmasının tələb edildiyini bildirmişdi.