Qərbdə dərinləşən ziddiyətlərdən yararlanan Rusiya Ukraynada hücumları artırıb, böyük əraziləri işğal edə bilər.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert Avropa və ABŞ-da Ukraynaya hərbi yardım məsələsində fikir ayrılığı yarandığını bildirib:
“Rusiya Ukraynada təşəbbüsü ələ almağa çalışır. Qərbdən Ukraynaya hərbi dəstəyin azalması bunu sürətləndirə bilər. Lazımi yardım çatdırılmasa, bu, Ukrayna ordusunun əks-hücumu və müdafiəsini zəiflədəcək.
ABŞ daxilindəki siyasi durum da Ukraynanın səylərinə mənfi təsir göstərir. Yaşlı Bayden nə etdiyini bilmir, çıxış yolunun olmadığını görünür. Baydenin yerinə keçəcəyi ehtimalı güclü olan Tramp isə Ukraynaya yardımın əleyhinədir. Təsadüfi deyil ki, Trampın təmsil olunduğu Respublikaçılar Partiyası uzun müddətdir Konqresdə Ukraynaya yardımı bloklayır. Bu isə Rusiyanın əlini gücləndirir.
Artıq Avropa Birliyində də baş verənlərə yanaşma yekdil deyil. Hollandiya, Macarıstan və Slovakiya addım-addım Ukraynadan uzaqlaşır, Kiyevlə Polşa arasında da narazılıq var. Üstəgəl, Fransa və Almaniyada Ukrayna əleyhdarlarının sayı günbəgün artır. Qərbdə dərinləşən ziddiyətlərdən yararlanan Rusiya hücumları artırıb, böyük əraziləri işğal və ya Kiyevi təslim olmağa məcbur edə bilər.
Rusiyanın Ukraynada qələbə qazansa, yenidən Cənubi Qafqazda mövqelərini gücləndirə, həmçinin Mərkəzi Asiyaya ciddi təzyiqlərə başlaya bilər. Hesab edirəm ki, Rusiyanın apardığı siyasət qonşu ölkələrə təhdid olaraq qalır. Ukraynada dəyişməyə başlayan durum isə bu təhdidi daha da gücləndirə bilər. Qərb Ukraynada Rusiyaya qarşı müqaviməti artırmasa, digər qonşu ölkələr də işğal təhlükəsi ilə üzəşəcəklər”.