11 Dekabr 2023 10:25
2 627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pekində Çin-Avropa İttifaqı (Aİ) sammiti keçirildi. Bu, Brüssellə Pekin arasında yüksək səviyyədə keçirilən sayca 16-cı məsləhətləşmələr idi. Sonuncu məsləhətləşmələr 2019-cu ildə baş tutmuşdu. Çin lideri Si Cinpin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının prezidenti Ursula Fon der Layenlə fikir mübadiləsi aparıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, tərəflər əməkdaşlığa dair müsbət fikirlər söyləsələr də, Cinpinin Çinlə Aİ arasında hərtərəfli strateji tərəfdaşlığın 20 ilinin tamam olmasıyla bağlı fikirləri diqqət çəkir:

“Çin lideri bildirib ki, tərəflər qarşılıqlı faydalı əməkdaşlıq üçün tərəfdaşlıq etməli, ikitərəfli siyasi etimadı daim gücləndirməli, strateji konsensusu formalaşdırmalıdırlar. Demək, tərəflər arasında konsensus yoxdur ki, Çin lideri bunun vacibliyini deyib.

Aİ ABŞ-dan fərqli olaraq, Çinlə açıq qarşıdurmadan çəkinir. Brüssel Pekinlə qarşılıqlı faydalı əməkdaşlığın davam etməsini istəyir. Pekin də Vaşinqtonla münasibətlərdəki gərginlikdən fərqli olaraq, Brüssellə münasibətlərdə problem istəmir. Çünki Avropa ölkələri Çinin əsas tərəfdaşlarındandır. Bundan başqa, Çinin Avropanın müxtəlif ölkələrinə milyardlarla avro yatırımları var. Buna baxmayaraq, Brüssellə Pekin arasında fikir ayrılıqları qalır. “Blumberq”in iddiasına görə, Brüssel əvvəlki kimi Pekinin Ukrayna müharibəsiylə bağlı Moskvaya təsir etməsini istəyir. Ancaq Pekin Ukraynaya qarşı işğalçı müharibənin dayandırılması üçün heç nə etmir”.

Mərkəzin ekspertləri vurğulayırlar ki, Brüsselin Pekinə iqtisadi zəmində də iradı var:

“Pekinin Çində istehsal olunan elektrik avtomobillərinə dövlət subsidiyaları ayırması Brüsselin narazılığına səbəb olur. Çünki bu bərabər rəqabətə maneədir. Aİ Çindən iqtisadi asılılığı azaltmağı hədəfləyib. Pekinin isə Brüsselə iradı odur ki, Aİ Çin şirkətlərinin hüquqlarını tez-tez pozur. “Politiko” diqqəti ona yönəldir ki, bu kimi səbəblərə görə Pekin və Brüssel vahid mövqe ifadə edən ortaq bəyanat verə bilmirlər.

Bu arada, NATO-nun keçmuş baş katibi Foq Rasmussen Aİ-nin Çinə qarşı Tayvanı dəstəkləməsi vacibliyini bildirib. Rasmussen Pekinin dünyada baş verən hadisələrə reaksiyasını sərt tənqid olunub. O hesab edir ki, Brüsselin Pekinə qarşı yumşaq siyasəti doğru deyil. Çünki Çin Tayvanı ələ keçirmək istəsə, bu, Avropanın maraqlarına da zidd olacaq. Yaponiya da Rasmussenin narahatlığını bölüşür. Tayvanda problem çıxsa, yüz minlərlə ada sakini Yaponiyaya axın edəcək. Avropa ölkələrindən Litva və Çexiya da Tayvana dəstəyin artırılmasının tərəfdarıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər