Fransa Baş naziri Manuel Valls bu gün ölkəsi ilə bağlı az qala sensasiya kimi səslənən bəyanatı ilə diqqəti çəkib.
Teleqraf.com-un məlumatına görə, o, açıq şəkildə bildirib ki, hökumət başçısı olduğu ölkədə ictimai, etnik və regional baxımdan ifrat ayrı-seçkilik - aparteid rejimi mövcuddur.
Baş nazir keçirdiyi mətbuat konfransında irqçi ayrı-seçkiliyin hələ də davam etdiyini vurğulayıb:
"Fransada ictimai, etnik və regional baxımdan aparteid var. Bu gün yaşadıqlarımız 2005-ci ildəki iğtişaşları xatırladır. İnsanların şəhərdən uzaqlaşdırılması, yadlaşma və günahsız kəslərin damğalanması hələ də davam edir".
Manuel Valls son terror hadisələrinin vəziyyəti kəskinləşdirdiyini xüsusi olaraq diqqətə çatdırıb. Fransa cəmiyyətindəki sinfi ayrı-seçkilikləri də önə çəkən Valls insanların dəri rəngi, ailələri və cinsiyyətləri mövzusunda gündəlik həyatda təqiblərə məruz qaldığını etiraf edib.
''Apartheid'' rejimi adı verilən irqçi ayrı-seçkilik sistemi, 1948-1994-cü illər arasında Cənub Afrika Respublikasında Milli Partiya tərəfindən tətbiq olunmuşdu. Rejim ağ dərililərin qara dərililərə nisbətdə vətəndaşlıq xidmətləri baxımından üstünlüyünü nəzərdə tuturdu.