Qırmızı dənizdə gərginlik artır. Avropa Birliyi Qırmızı dənizdə ABŞ-nin 10 ölkə ilə qurduğu koalisiyaya qoşulmaq qərarı verib. Yunanıstan da freqat göndərir.
Teleqraf.com xəbər verir ki, ABŞ müdafiə naziri Lloyd Ostin Qırmızı dənizdə yəmənli yaraqlıların (“Husilər”) hücumlarının ticarəti təhdid etdiyini, dənizçiləri təhlükə altına atdığını və beynəlxalq hüququ pozduğunu bildirib.
Ostin bu məsələnin həlli üçün beynəlxalq tələbin olduğuna diqqət çəkib:
“Buna görə də elan edirəm ki, biz “Sabitliyi Mühafizə Əməliyyatı”nı qurmuşuq. Bu, Qırmızı dənizdə təhlükəsizliyə yönəlmiş böyük çoxmillətli təhlükəsizlik təşəbbüsüdür”.
ABŞ-dən başqa, missiyaya Böyük Britaniya, Bəhreyn, Kanada, İtaliya, Fransa, Hollandiya, Norveç, Seyşel Adaları və İspaniya daxildir.
Almaniya hökuməti missiyasında iştirak edib-etməyəcəyini araşdırır. Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristian Vaqner “Husilər”in Qırmızı dənizdə mülki gəmilərə hücumlarını qınadıqlarını deyib.
Vaqner Avropa və Amerika tərəfdaşları ilə gələcəkdə hücumların qarşısının alınması, o cümlədən əməliyyatda mümkün iştirak məsələsi ilə bağlı müzakirələr apardıqlarını açıqlayıb.
Avropa Birliyinin xarici siyasət xidmətinin rəhbəri Jozef Borrel Qırmızı dənizdə təhlükəsiz dəniz nəqliyyatı üçün birliyin ABŞ-nin yaratdığı koalisiyaya qoşulacağını söyləyib.
Avstraliya da İsrailin Qəzzadakı əməliyyatı bitənədək Qırmızı dənizdə üzən gəmilərin qarşısını alacaqlarını açıqlayan “Husilər”ə qarşı qurulan missiyaya dəstək üçün hərbçilər göndərəcəyini bildirib. Ayrıca, Avstraliya “Husilər”in İran tərəfindən dəstəkləndiyinə də diqqət çəkib.