29 Dekabr 2023 10:30
1 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyevin müttəfiqlərinin vəd etdiyi onlarla müasir F-16 təyyarəsi Ukraynaya Rusiyanın havada üstünlüyünə son qoymaq üçün yeni imkanlar yaradacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Newsweek” yazır.

ABŞ nəşrinin iddiasına görə, F-16-lar Ukraynaya lazım olan müdafiə və hücum imkanlarını yaradacaq:

“Çoxlu sayda F-16-nın göndərilməsi Ukraynaya irəliləyən qüvvələrini Rusiyanın hücum helikopterləri və bombardmançılarından qorumaq üçün hava üstünlüyü təmin etməlidir”.

F-16-lar və uzaqmənzilli kasetli raketlərə görə, Rusiyanın nəzarətində olan ərazilərdəki hər bir hədəf Ukrayna ordusunun əhatə dairəsində olacaq.

F-16-lar müasir avionika (elektron sistemlər) və daha yaxşı radarlarla təchiz edilib. Ukrayna bu təyyarələrlə Rusiyanın yerüstü müdafiə vasitələrini daha asan məhv edərək, bombardmançılarının qarşısını alaraq uzaq məsafələrdə fəaliyyət göstərə biləcək.

Kiyev bir neçə ay əvvəl təkmilləşdirilmiş F-16-ların tədarükü ilə bağlı vədlər alıb, amma təyyarələrin tam olaraq nə vaxt istifadə edilməyə başlayacağı məlum deyil.

Nəşr bildirir ki, Rusiyanın F-16-ların sürətlə göndəriləcəyindən narahatdır:

“Moskva Qara dənizdəki bazalarını Ukraynanın şərqinə köçürmək üçün hazırlıqlara başlayıb, bu da F-16 qırıcılarının gələcəkdə yaradacağı təhlükədən xəbər verir.

Ukrayna Hərbi Hava Qüvvələrinin “Storm Shadow” qanadlı raketləri ilə Krımda rus qırıcılarına vurduğu zərəri görmüşük. F-16-ların təhlükəsi daha ciddi olacaq”.

Mənbə qeyd edir ki, F-16-lar HARM raketlərindən Kiyevin sovet dövründən qalma təyyarələri ilə müqayisədə daha effektli istifadə edə biləcək. F-16-lar daha dəqiq hədəfləmə üçün real vaxt siqnallarından istifadə edə bilir. Bu, bu raketlərin ölümcüllüyünü əhəmiyyətli dərəcədə artıracaq. Bu, həm də Ukraynanın Rusiyanın hava hücumundan müdafiə sistemlərinə daha effektiv müqavimət göstərə biləcəyi anlamına gələcək. Eyni sözləri AIM-120 AMRAAM və “Harpoon” raketləri haqda da demək olar.

Nəşr iddia edir ki, F-16 və “Harpoon”un inteqrasiyası Ukraynaya Rusiyanın Qara dənizdəki donanmasını geri çəkməyə məcbur edə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər