29 Dekabr 2023 16:51
1 618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuela Prezidenti Nikolas Maduro Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “HMS Trent” gəmisinin Qayana sahillərində lövbər salmasına sərt reaksiya verib.

Teleqraf.com xəbər verir ki, o, bundan sonra Şərqi Karib hövzəsində müdafiənin gücləndirilməsi və Venesuelanın Atlantik okeanı sahillərində hərbi təlimlərin keçirilməsi barədə göstəriş verib.

Maduro Britaniyanın qərarını “Venesuela xalqına qarşı təhdid” adlandırıb.

Onun sözlərinə görə, Venesuela ərazi mübahisəsini həll etmək üçün Qayana ilə əldə edilmiş razılaşmaya əməl edir: “Amma haradan gəlməsindən asılı olmayaraq, təhlükəyə qarşı passiv qala bilməz və ona proporsional cavab verəcək”.

Prezident Britaniyanın addımına cavab olaraq, silahlı qüvvələrin müdafiəsinin gücləndirilməsini tapşırıb və Atlantik okeanı sahilləri yaxınlığında hərbi təlimlərin keçirilməsini əmr edib.

Qeyd edək ki, bundan əvvəl Britaniyanın Qayanaya diplomatik və hərbi dəstək göstərmək üçün Karib dənizinə “Trent” patrul gəmisini göndərəcəyi açıqlanmışdı.

İki ölkə hazırda Qayananın tərkibində olan Essekibo bölgəsi üzərində mübahisə edir. Venesuela bölgənin ona aid olduğunu bildirir.

Qayana Britaniyanın müstəmləkəsi olanda, 1899-cu ildə qəbul olunmuş sərhəd arbitraj qərarına əsasən, Essekibo çayı ölkənin qərb sərhədi kimi müəyyən olunub. Amma 1966-cı ildə müstəqilliyini qazanan, 1970-ci ildə BMT-yə daxil olan Qayana bu sərhədi tanımayıb və Essekibonu öz ərazisi elan edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər