Son 24 saat ərzində İraqda və Suriyanın şimalında zərərsizləşdirilən terrorçu sayı 57-yə yüksəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik qeyd edilən bölgələrdə əməliyyatların davam etdiyini bildirib.
***
21:12
Türkiyə Cümhuriyyəti ölkənin təhlükəsizliyinə yönələn təhdidlərin mənbəyində qarşısının alınması və məhv edilməsi strategiyası çərçivəsində PKK/YPG/KCK terror təşkilatları və havadarlarına qarşı mübarizəni qətiyyət və qərarlılıqla davam etdirir.
Teleqraf.com xəbər verir ki, bu ifadələr Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin ölkənin təhlükəsizlik şurasının toplantısına dair açıqlamasında yer alıb.
Terrorçular tərəfindən edilən xain hücumdan sonra başladılan əməliyyatlarda İraqın şimalında 36, Suriyanın şimalında isə 9 olmaqla ümumilikdə 45 terrorçu zərərsizləşdirilib. Bu mübarizə son terrorçu zərərsizləşdirilənə, İraq və Suriyadakı terror bataqlıqları tamamilə qurudulana qədər davam edəcək.
Bildirilib ki, toplantıda Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında aparılan “Pəncə-Kilid” əməliyyatı bölgəsində yanvarın 12-də törədilən xain terror aktı, terrorla mübarizə kontekstində atılan və atılacaq addımlar müzakirə edilib.
Məlumatda deyilir: “Sərhədlərimiz daxilində məhv olmaq həddinə çatan separatçı terror təşkilatı uğurlu sərhəd əməliyyatlarımız nəticəsində çox ağır itkilər verib. Terror təşkilatı Suriya və İraqda küncə sıxışdırıldığı üçün təşkilatı yenidən gücləndirmək və canlandırmaq cəhdləri də geniş vüsət alıb. Son vaxtlar sərhədlərimizdən kənarda xidmət edən əsgərlərimizə qarşı artan terror aktları təşkilatı dirçəltmək üçün hazırlanan ssenarilərin məkrli hissəsidir. Türkiyə cənub sərhədlərində heç bir bəhanə və səbəblə “terroristan”ın qurulmasına qəti şəkildə icazə verməyəcək.
Özünümüdafiə hüququmuz və ikitərəfli müqavilələr çərçivəsində harada terror təhlükəsi, düşərgə, sığınacaq, birləşmə və ya toplanma varsa, arxasında kimin olmasından asılı olmayaraq onu həmişəlik məhv etmək əsas prioritetimizdir. Türkiyənin düşmənlərinin işini üzərinə alan separatçıların tökdükləri hər damla qanın hesabı misli ilə sorulur və sorulacaq. Türkiyə Əsri hədəfimizə mane olmaq üçün qurulan tələlərdə rol oynayanları da, iplərini tutanları da məyus etmək əzmindəyik”.
Xatırladaq ki, yanvarın 12-də “Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə Silahlı Qüvvələrinin mövqelərinə terror hücumu zamanı 9 hərbçi şəhid olub.
Bu səbəblə Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə bu gün Türkiyənin Təhlükəsizlik Şurasının toplantısı keçirilib.