“Ədalətli Rusiya” Partiyasının sədri Sergey Mironov Avropa ölkələrini nüvə silahı ilə hədələyib.
Teleqraf.com xəbər verir ki, siyasətçi bu barədə Almaniyanın “Bild” nəşrinin Rusiya ilə Baltikyanı ölkələr arasında mümkün savaşla bağlı məqaləsindən danışarkən bildirib.
“Kalininqrad vilayətini blokadaya almaq, hətta hücum etmək cəhdi qaçılmaz olaraq Rusiya ilə hərbi qarşıdurmaya gətirib çıxaracaq. Bu, əsl qırmızı xətt, daha doğrusu qırmızı düymədir, Qərb bunu basmaqla Rusiyanı cavab tədbirləri görməyə məcbur edəcək. Nüvə dövləti olan Rusiya öz ərazisini qorumaq üçün bütün qüvvə və vasitələrdən istifadə edəcək”, - Mironov deyib.
“Bild” bundan əvvəl Almaniya Müdafiə Nazirliyinə istinadla yazmışdı ki, alman ordusu Ukraynanın Rusiya ilə müharibədə məğlub olması ssenarisi əsasında təlim planı hazırlayıb. Nəşr hazırlığa Rusiyanın Baltikyanı ölkələrlə mümkün savaşı vəziyyətində NATO ilə birgə cavab tədbirləri də daxil olduğunu iddia edib.