29 Yanvar 11:44
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO əsas diqqətini Rusiya-Ukrayna müharibəsinə yönəltməsinə baxmayaraq, Asiya-Sakit okean bölgəsinə də diqqətini artırıb. ABŞ ilə yanaşı, NATO da Çinin bölgədə güclənən rolundan narahatdır. Alyans bu məqsədlə Çinin artan gücündən narahat olan Yaponiyaya dəstəyini genişləndirmək qərarı verib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertləri iddia edirlər ki, bölgədə Çinə qarşı ABŞ-Avropa Birliyi (AB)-Yaponiya üçbucağı formalaşır:

“Yaponiya Baş naziri Fumio Kişida Avroatlantik məkanla birgə Hind-Sakit okean bölgəsi üçün təhlükəsizlik konsepsiyasının reallşmasını zəruri sayır. NATO və AB Tokionun konsepsiyasını bəyənib. Tokio bu konsepsiyaya ona görə ehtiyac duyur ki, Pekin Tayvanı Çinə birləşdirsə, bölgədə durum dəyişəcək və Çinin ətraf ərazilər, o cümlədən dənizlərə nəzarət imkanları artacaq.

Yaponiyanın 2022-ci ildə qəbul etdiyi milli təhlükəsizlik strategiyasında Çinin hərbi fəallığı ölkə üçün “böyük çağırış” kimi qiymətləndirilir.

Tokio Pekinin Moskva ilə strateji tərəfdaşlığının artmasından da narahatdır. Yaponiya və Cənubi Koreya AUKUS (Avstraliya, Britaniya və ABŞ ) formatında yer almaq istəyir. Bundan başqa, bölgədə ABŞ-Yaponiya-Cənubi Koreya formatı təsis edilib.

Asiya-Sakit okean bölgəsində “Asiya NATO-su”nun konturları görünməyə başlayıb. Bu təsisat formalaşana qədər Yaponiya NATO ilə strateji tərəfdaşlığı gücləndirəcək. Alyans 16 sahədə Yaponiya ilə əməkdaşlığı genişləndirəcək. NATO bölgə ölkələrindən Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya ilə də individual əməkdaşlıq proqramları qəbul edib. Yaponiya ABŞ və NATO ilə yanaşı, Britaniya ilə də ikitərəfli hərbi əməkdaşlığı genişləndirib, iki ölkə arasında Okinava adası yaxınlığında birgə hərbi təlimlər keçirilib”.

Təhlildə qeyd edilib ki, iyulda Vaşinqtonda NATO-nun yaranmasının 75 illiyi ilə bağlı yubiley tədbiri keçiriləcək:

“ABŞ Prezidenti Co Baydenin tədbirdə Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya ilə tərəfdaşlığı gücləndirəcək proqramın qəbul ediləcəyini açıqlayacağı gözlənilir.

“Asiya NATO-su”nda Hindistanın adı çəkilməsə də, Vaşinqton Dehli ilə strateji tərəfdaşlığı gücləndirməyə çalışır. İki ölkə ticarət və malların tədarükü sahələrində əməkdaşlığın inkişafı üçün yol xəritəsi hazırlayacaq. Vaşinqton və Dehli faydalı qazıntılar, gömrük və ticarətin asanlaşdırılması, təchizat zəncirləri və yüksək texnologiyalı məhsulların ticarəti sahələrində birgə təşəbbüsləri dəstəkləyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər