7 Fevral 13:43
1 510
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ F-35 proqramına qayıdışı üçün Türkiyəyə Rusiya ilə bağlı şərtlər irəli sürür.

Teleqraf.com xəbər verir ki, bunu türkiyəli analitik Mehmet Acet deyib.

“Xarici işlər naziri Hakan Fidan bildirdi ki, İsveçlə bağlı qanun Türkiyə parlamentində təsdiqlənən kimi ABŞ Prezidenti Bayden Konqresə məktub yazıb. Xarici işlər naziri həmçinin söylədi ki, Konqresə göndərdikdən sonra iki həftəlik gözləmə müddəti var. Həmin müddətdən sonra bu, qüvvəyə minir. Bu iki həftəlik proses şənbə günü bitəcək. Yəni qarşıda üç gün var. Bu üç gün ərzində Konqresdə heç bir mənfi təşəbbüs olmasa, görünən də budur ki, olmayacaq, F-16 paketinin təsdiq prosesi tamamlanacaq.

ABŞ dövlət katibin müavini Viktoriya Nuland və Ağ Evin sözçüsü Con Kirbi isə F-35 məsələsini gündəmə gətirdi. Onların sözlərinə görə, S-400 məsələsi həllini tapsa, Türkiyə F-35 proqramına qaytarıla bilər. Verilən açıqlamalar və dilə gətirilən ifadələr F-35-lə bağlı köhnə hekayənin təkrarından başqa bir şeyi göstərmir. Ancaq tərəflər arasında F-16 anlaşmasının gətirdiyi müsbət atmosferdən faydalanmaq üçün yeni və qarşılıqlı səylər var”, - ekspert bildirib.

Mehmet Acet ABŞ-nin verdiyi vədlərdən yayınma ənənəsinə də diqqət çəkib:

“ABŞ ilə münasibətdə ağzımız tez-tez süddən yandığından qatığı da üfürə-üfürə yeməkdən təbii bir şey ola bilməz. Hakan Fidanın F-35 məsələsinə yanaşması da belə bir kontekstdə qiymətləndirilə bilər”.

Analitik hesab edir ki, ABŞ-nin F-35-lə bağlı Türkiyəyə şərti Rusiya ilə ikitərəfli münasibətlər və S-400-lə bağlıdır:

“Fidanın “S-400-dən başqa digər siyasətlərə uyğunlaşma şərti” ifadəsini ABŞ-nin Türkiyənin Rusiya ilə münasibətlərini onun istədiyi səviyyəyə çəkmək cəhdinə müqavimət kimi oxumaq doğru olarmı?

F-16-ların Türkiyəyə satışını təsdiqləməklə yanaşı, ABŞ eyni vaxtda F-35-lərin Yunanıstana satışına yol açdı. Afinanın 2030-cu illərin əvvəllərində ilk F-35-lərə sahib olacağı gözlənilir. Bu qərarın bir məqsədi Ankaraya təzyiq göstərməkdir.

Pərdə arxasında bəzi iddialar da var ki, S-400 məsələsinə həll yolu tapılarsa, bunun əvəzinə “Patriot” sisteminin satışına nail oluna bilər.

Məhz belə bir məqamda Ukraynaya təcavüzün başladığı gündən bəri ölkə xaricinə nadir hallarda səfər edən Rusiya Prezidenti Vladimir Putin Ankaraya gəlir. Səfərin Türkiyə-ABŞ münasibətlərinin fəallaşdığı dövrdə baş tutması təsadüfdürmü? Elə bir kritik prosesdən keçirik ki, kəndirbaz ustalığı ilə bu incə xətdə tarazlığımızı saxlamalıyıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər