11 Fevral 17:29
3 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 26-da F-16 qırıcılarının Türkiyəyə satışı ilə bağlı ABŞ hökumətinin Konqresə göndərdiyi rəsmi bildirişin ardından qanunla müəyyən edilmiş 15 günlük araşdırma müddəti satışı dayandıracaq heç bir maneə olmadan tamamlanıb.

Teleqraf.com xəbər verir ki, bildirişə baxış müddəti ərzində Konqresdən satışa etiraz olmayıb.

Konqresdə 15 günlük araşdırma və etiraz prosesində yalnız senator Rənd Polun Senata təqdim etdiyi etiraz gündəmə gəlib. Polun layihəsi Senatın Xarici Əlaqələr Komitəsinə göndərilsə də, bununla bağlı heç bir tədbir görülməyib. Beləliklə, ABŞ administrasiyasının rəsmi xəbərdarlığından sonra 15 günlük müddət başa çatıb və ABŞ Silah İxracına Nəzarət Qanununa (AECA) uyğun olaraq müvafiq qurumlar arasında satış prosesinin başlaması üçün heç bir maneə qalmayıb.

AECA qanununa əsasən, sözügedən müddət NATO üzvü olan ölkələr üçün 15, alyans üzvü olmayan ölkələr üçün 30 gündür.

Senat və Nümayəndələr Palatasının xarici əlaqələr komitələri xarici ölkələrə silah satışını qiymətləndirmək və əgər varsa, etiraz etmək hüququna malikdir. Həm Senat, həm də Nümayəndələr Palatasının xarici əlaqələr komitələri bildirişin edildiyi gün verdikləri açıqlamalarda F-16-ların Türkiyəyə satışını təsdiqlədiklərini bəyan ediblər.

Türkiyə ABŞ-dən 40 yeni F-16 "Block" 70 döyüş təyyarəsi və inventarında olan 79 təyyarə üçün modernizasiya dəsti istəyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər