Hazırda cəbhə xəttində gərginlik ən yüksək həddədir, Rusiya ordusu bütün ehtiyatlarından istifadə edir.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Musiyenko deyib.
Onun sözlərinə görə, hazırda Ukrayna üçün hücumları dəf etmək və rusların dərinliklərə irəliləməsinin qarşısını almaq çox vacibdir.
Musiyenko bildirib ki, rusların prezident seçkiləri öncəsi, yəni yaza qədər Donetsk və Luqansk vilayətlərini tam ələ keçirmək vəzifəsi var, indi bunu reallaşdırmağa çalışırlar.
“Bu, maksimum vəzifəsidir. Minimum vəzifə Avdiv şəhəri, bəlkə də Kupyan və Çasiv Yarı ələ keçirməkdir. Bu, hazırda düşmənin ən fəal hücum etdiyi və ən çox döyüşlərin getdiyi üç əsas istiqamətdir”.
Musiyenko hesab edir ki, Rusiyanın belə bir hücumu həyata keçirmək potensialı yaxın ay yarıma kifayət edəcək:
“Yəni bu ay hələlik kifayət qədər gərgin və çətin keçəcək, sonra qarşı tərəfin fəallığı getdikcə azalacaq.
Gərginlik pik nöqtəsindədir, bütün ehtiyatlar işə düşüb. Ona görə də hazırda cəbhə xəttində yüklənmənin pik vaxtıdır. Bu, qışın ən çətin aylarından biridir. Bu hücumları dəf etmək, düşmənin uzağa getməsinin qarşısını almaq çox vacibdir. Həmçinin düşmənin müəyyən taktiki uğurlarının ola biləcəyini etiraf edirəm”.