Belarus Prezidenti Aleksandr Lukaşenko xalqı müharibəyə hazır olmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə ölkəsinin təhlükəsizlik qurumlarının rəhbərləri ilə iclasında danışıb.
“Belarusa müharibə lazım deyil, amma biz buna həm əqli, həm də strateji cəhətdən hazır olmalıyıq”, - Lukaşenko deyib.
Belarus lideri qeyd edib ki, qlobal münaqişənin diplomatiya yolu ilə həllinin mümkünlüyü ilə bağlı illüziyalardan imtina edilməlidir:
“Çünki kollektiv Qərbin münasibəti belədir ki, onlarla olmayanlar zorla aradan götürülməlidir. Beynəlxalq təşkilatlar da tamamilə gözdən salınıb. Bu gün vəziyyəti real qiymətləndirmək və fəal hərəkət etmək son dərəcə vacibdir, səhvlər yolverilməzdir”.
Lukaşenkonun iddiasına görə, Qərb Belarusu müharibəyə sürükləməyə çalışır:
“Bizi bir hiylə ilə bu savaşa sürükləmək istəyirlər. Əlimizdə məxfi məlumat var. NATO-nun aparıcı üzv ölkələrindən birinin Baş Qərargah rəisinin bu barədə nə düşündüyünü dəqiq bilirik: “Biz Belarusu münaqişəyə cəlb edə bilməzdik. Minskin müharibədə fəal iştirakı Belarusdakı rejimi və Lukaşenkonu sarsıdacaqdı. Bu fürsət hələ də açıqdır”.
Belarus lideri Polşanı da onu devirmək və Belarusdan ərazi qoparmaq niyyətində olduğunu söyləyib.
Lukaşenko qeyd edib ki, bu oyunların arxasında ərazi ambisiyalarını təmin etmək istəyi dayanır.
Belarus lideri hesab edir ki, bu yolla Avropa qitəsinin yenidən bölünməsi üçün ilkin şərtlər formalaşır.