ABŞ-nin F-16 qırıcıları Ukraynada döyüş əməliyyatlarının gedişinə ciddi təsir göstərə bilərdi, amma quru qoşunlarının lazımi silahları olmadığından bunlar yalnız müdafiədə rol oynayacaq. Tanksız təyyarələr qalib gəlməyimizə kömək etməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
Onun fikrincə, Qərb yaxın gələcəkdə Ukraynaya hərbi yardımın sürəti və həcmini artırmağa başlamasa, o zaman yeni ərazilərin itirilməsi kimi təhlükəli tendensiyanın davam edəcəyi istisna olunmur. Jdanov əmindir ki, Qərbin lazımi silahları verməməsi fiziki imkansızlıq yox, siyasi iradənin olmaması ilə əlaqəlidir.
“ABŞ-nin anbarlarlarında 4000 “Abrams” tankı var. Prezidentə (Co Bayden) bunların Ukraynaya verilməsi haqda sərəncam imzalamasına nə mane olur? Müvafiq mexanizmlər var”, - ekspert bildirib.
Jdanovun iddiasına görə, Rusiyada da silahla bağlı çətinliklər yaranır:
“Rusiya hərbi-sənaye kompleksində durğunluq müşahidə olunur, mütəxəssislər yaxın aylarda tənəzzülün başlanacağını gözləyirlər.
Ruslar artıq T-55 tanklarını bərpa edirlər. Avadanlıq və silahların keyfiyyətinin aşağı düşməsi, taktiki-texniki xüsusiyyətlərinin pisləşməsi tendensiyası gedir”.
Avropa Birliyi ölkələrinin iyuna qədər Ukraynaya 24 ədəd F-16 döyüş təyyarəsi tədarük edəcəyi gözlənilir.