İsrailli antropoloq Jeff Halper Fələstinlə bağlı Osmanlı sistemini təklif edib.
Teleqraf.com xəbər verir ki, ekspert indiki məqamda bunun ən doğru variant olduğunu düşünür.
"İsrail fələstinliləri qaçqın kimi Avropa, Amerika və digər ölkələrə göndərməyi planlaşdırır. Beləliklə, Qəzza fələstinlilərdən xilas olacaq.
İsrail İordan çayının qərb sahilində də fələstinlilərdən qurtulmaq istəyir. Artıq İordan çayının qərb sahilində İsrail qaydaları tətbiq olunur, 90 faizi artıq gedib. Amma İsrail bütün fələstinliləri göndərməyəcək, 6 milyon fələstinli qalır. Onları kiçik ərazilərda məskunlaşdıracaq", - Halper bildirib.
Onun fikrincə, ən yaxşı çıxış yolu Osmanlı İmperiyasının tətbiq etdiyi sistemdir:
"Gələcək haqda düşünəndə istər fələstinlilər, istərsə də mənim kimi israillilər üçün Osmanlı dövləti kimi bir sistem təsəvvür edirəm. Bu sistemə görə, torpaq hamınındır. Osmanlıda dövlətlər, millətlər yox idi, hamı bir yerdə yaşayırdı. İnsanlar istənilən yerə səyahət edə bilərdilər, azad idilər. Düşünürəm ki, bu, 100 ildən sonra Yaxın Şərqdə təkrarlana bilər. Torpaq heç kimin deyil, hamınındır. Hamı bərabər paylaşmalıdır. Məncə, plan belə olmalıdır. Osmanlı dövləti kimi olmasa da, eyni idealı paylaşan inkişaf etmiş dövlət olmalıdır. Bir irqə mənsub bir ölkə - bu, şiddətin və işgəncənin əsasını təşkil edir".