Rusiya Prezidenti Vladimir Putin NATO-ya qarşı hərbi müdaxilə hazırlığına başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Amerikalı analitiklər hesab edirlər ki, bunu Rusiya liderinin 26 fevral tarixli Moskva və Leninqrad Hərbi Dairələrini rəsmən bərpa edən iki fərmanı sübut edir. 2010-cu ildə Rusiya Müdafiə Nazirliyi tərəfindən Moskva və Leninqrad hərbi dairələrinin birləşdirilməsi yolu ilə yaradılan Qərb Hərbi Dairəsi də ləğv olunur.
Qərb dairəsi əvvəllər Rusiyanın Ukrayna, Belarus və Baltikyanı ölkələrlə sərhədini əhatə edib. Bu dairənin strateji vəzifələrinə genişmiqyaslı müharibə başlayandan sonra Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı əməliyyatlarına nəzarət, habelə NATO ilə mümkün qarşıdurmaya hazırlıq daxildir.
ISW bildirir ki, indi Leninqrad Hərbi Dairəsi NATO-nun şimal-şərq sərhədi, Moskva dairəsi isə Ukrayna və Polşanın şimal-şərq hissəsi boyunca keçəcək. Bu, Moskvaya eyni vaxtda NATO-ya qarşı mövcud mövqe tutmağa və Ukraynada hərbi əməliyyatlara komandanlıq və nəzarəti sadələşdirməyə imkan verəcək.
Putin hələ Finlandiya 2023-cü ildə NATO-ya üzv olduqdan sonra Leninqrad Hərbi Dairəsinin yaradılmasının zəruriliyini söyləmişdi. Rusiya lideri bununla dairənin NATO-ya qarşı formalaşdırıldığına eyham vurmuşdu.
“Moskva və Leninqrad hərbi dairələrinin bərpası qısa və orta perspektivdə Rusiyanın Ukraynadakı əməliyyatlara nəzarəti gücləndirmək, uzunmüddətli perspektivdə NATO-ya qarşı potensial gələcək irimiqyaslı müharibəyə hazırlaşmaq kimi paralel məqsədlərə uyğundur”, - ABŞ institutu qeyd edir.