18 Mart 22:36
1 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Könüllüləri” Korpusu, “Rusiyanın Azadlığı” Legionu və “Sibir” Batalyonunun Rusiya ərazisində əməliyyatı bu ölkədə vətəndaş müharibəsinin başlanmasının əlamətidir.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Petro Çernik deyib.

“Bu duruma beynəlxalq hüquq nöqteyi-nəzərindən baxsanız, orada vətəndaş müharibəsinin başladığını söyləmək olar. İndi bunu miqyaslamaq mümkün deyil, hələlik böyük sürətə malik deyil. Amma ümid edirik ki, genişlənəcək. Çünki Rusiyanın bəzi vətəndaşlarının Putin rejimini devirmək üçün vuruşması faktı sevindirməyə bilməz”, - Çernik bildirib.

Bundan əlavə, ekspert könüllü bölmələrin Rusiya ərazisinə müdaxiləsinin Vladimir Putinin imicinə zərbə olduğunu söyləyib:

“Ən əsası odur ki, bu durumda Putin kütlənin yox, elitanın gözündən düşür. Belə bir təəssürat yaranır ki, o, baş komandan kimi öz sərhədlərinin müdafiəsini təşkil edə, təkrarlanan belə halların qarşısını ala bilmir. Bizə lazım olan təkandır. Belə basqınların mümkün qədər uzun müddət davam etməsi üçün təkan lazımdır”

Ötən həftə “Rusiya Könüllüləri” Korpusu, “Rusiyanın Azadlığı” Legionu və “Sibir” Batalyonu martın 13-də Rusiyanın sərhədyanı Kursk və Belqorod vilayətlərinə daxil olublar. Rusiya ordusu ilə qarşıdurma zamanı bölmələr iki kəndi ələ keçiriblər. Təxminən bir sutka davam edən qarşıdurmadan sonra ruslar ərazilərə nəzarəti bərpa edə biliblər.


Müəllif: Mənsur Rəğbətoğlu