21 Mart 17:55
11 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin 5-ci nəsil döyüş təyyarəsi istehsalı göstəricilərində ABŞ-ni ötüb. Pekin mümkün müharibədə cəbhəyə daha çox “görünməz təyyarə” göndərmək imkanı əldə edə bilər.

Teleqraf.com xəbər verir ki, bunun qarşısını almaq istəyən ABŞ rəhbərliyi F-35-lərin tammiqyaslı istehsalına qərar verib.

F-35-lərin kütləvi istehsal sürəti nə müştərilər, nə də ABŞ ordusunun ehtiyaclarını ödəyə bilir. Çin 5-ci nəsil strateji döyüş təyyarələrinin sayına görə ABŞ-ni ötmək üzrədir. ABŞ-nin inventarında 2011-ci ildə istehsalı dayandırılan 187 ədəd F-22 var. F-35 döyüş təyyarələrinin sayının 570-i keçdiyi güman edilir. Əsasən mühərrik problemlərindən əziyyət çəkən F-35-lərin yalnız yarısı istifadəyə yararlıdır. Buna cavab olaraq, Çin J-20 istehsalını sürətləndirib. Çin ordusunun inventarında 200-dən çox J-20 var.

“The War Zone”, “AsiaTimes” və “National Interest” nəşrləri yazırlar ki, ABŞ aviasiya sənayesi təyyarə istehsalını artırmasa, Sakit okeanda Çinə qarşı çətin vəziyyətdə qala bilər. İldə neçə 5-ci nəsil təyyarənin hazır olması ilə bağlı dəqiq məlumat olmasa da, hesablamalar Çinin ABŞ-yə çatmaq, hətta onu keçmək yolunda olduğunu göstərir.

ABŞ-nin Sakit okeanda 11 döyüş eskadronu var. Mütəxəssislərin fikrincə, bu rəqəmi təcili 13-ə çatdırmaq lazımdır. Təyyarədaşıyan gəmilərdə yerləşdirilən F-35-lərin sayının Çin qırıcıları ilə rəqabət apara bilməyəcək sayda olduğu bildirilir. Üstəlik, J-20-lərlə yanaşı, təyyarədaşıyan gəmilərdə istifadəyə verilməsi planlaşdırılan F-35-lərin surəti hesab olunan J-35-lərin sayında da ciddi artım var.

Çin donanması tezliklə “Liaoning” və “Shandong” gəmilərindən J-35 və J-15-ləri buraxmağa hazırlaşır.

Köhnə təyyarələri xidmətdən çıxararkən boşluğu yeniləri ilə doldurmalı olan ABŞ-nin hər il inventarına ən azı 72 təyyarə əlavə etməsi lazımdır. Tammiqyaslı istehsal qərarının verildiyi Amerikada “Lockheed Martin” şirkəti ildə maksimum 150 ədəd F-35 tədarük edə bilər. Bu təyyarələrin təxminən yarısı müştərilərə göndərilir.

Üçüncü Dünya Müharibəsinin ayaq səsləri getdikcə daha yaxından eşidildikcə və qlobal miqyasda böhranlar artdıqca, ciddi texniki problemlərinə baxmayaraq, F-35-lərə qlobal maraq yenidən artmağa başlayıb. Rumıniya, Çexiya və Yunanıstan yeni müştərilər olduğu halda, Belçika, Danimarka, Finlandiya, İtaliya, Hollandiya, Norveç, Polşa, İsveçrə, Almaniya və Britaniyadan sifarişlər var.

F-35 proqramı çərçivəsində indiyədək 1000-dən çox təyyarə istehsal edilib.

Sakit okeanda Çinlə mümkün müharibəyə hazırlaşan Amerika ordusunun qarşıdakı dövrdə daha çox 5-ci nəsil təyyarələrə ehtiyacı olacaq, bunun üçün təchizat zənciri diversifikasiya edilməlidir. Çinin tempi ilə ayaqlaşmaq istəyən Amerika müdafiə sənayesi bu nöqtədə yenidən Türkiyənin qapısını döyüb.

Amerika müdafiə sənayesi bu yaxınlarda Türkiyənin dəstəyi ilə Texasda Ukraynaya artilleriya/haubitsa sursatları çatdırmaq üçün yeni istehsal xətləri qurub. F-35-lər üçün tammiqyaslı istehsal qərarı verildikdən sonra Ankara ilə Vaşinqton arasında təmas trafikinin artması da diqqət çəkir. ABŞ-nin Çinin istehsal sürətilə ayaqlaşa bilməsi üçün Türkiyə ilə əməkdaşlığa getməsi qaçılmaz görünür.

Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemini almasını bəhanə edən Amerika Ankaranı F-35 proqramından uzaqlaşdırmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu