Gürcüstan Prezidenti Salome Zurabişvili fransalı həmkarı Emmanuel Makron və Avropa Şurasının rəhbəri Şarl Mişelə ölkədə baş verən hadisələr, xüsusən də “xarici agentlər haqqında qanun”la bağlı təcili müraciət edib.
Teleqraf.com xəbər verir ki, Zurabişvili bu məsələyə Avropa Şurasının aprelin 17-18-də Brüsseldə baş tutacaq təcili sessiyasında baxılacağına ümid etdiyini deyib.
Gürcüstan prezidenti Avropa Şurası və Fransanı baş verənlərin qarşısını almaq üçün hərəkətə keçməyə çağırıb.
Zurabişvili hakim “Gürcü Arzusu” Partiyasının “xarici agentlər haqqında qanun”u qəbul etmək cəhdlərini Gürcüstan vətəndaşlarının əksəriyyətinin istəklərinə zidd olaraq “Rusiyanın sabitliyi pozma strategiyası” adlandırıb. Zurabişvili ölkə rəhbərliyinin niyyətinə qəti şəkildə qarşı çıxır, layihəni “Rusiya qanunu” hesab edir.
Qanunun parlamentdə müzakirəsi qızğın mübahisə, kütləvi dava şəraitində keçib və minlərlə vətəndaş qanunverici orqanın binası qarşısında aksiyaya başlayıb. Aksiya polislərlə toqquşma ilə müşayiət olunur. Polis Tiflisdə siyasi həbslər başlayıb.
Sözügedən qanun layihəsi Avropa Birliyi və ABŞ tərəfindən də etirazla qarşılanıb.