18 May 14:46
1 448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və İranın Cənubi Qafqazda fəallığının əleyhinə olan ABŞ buna görə də Orta dəhliz layihəsinin əleyhinə olmamalıdır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Azərbaycan-ABŞ əlaqələrindəki son gəlişmələrə diqqət çəkib:

“Prezidentin köməkçisi Hikmət Hacıyevin Vaşinqtonda amerikalı rəsmilərlə görüşləri iki ölkə arasında ara verilməyən dialoqun tərkib hissəsidir. Hacıyevin növbəti görüşü ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla olub. Vaşinqton Parisdən fərqli olaraq, Azərbaycanın Cənubi Qafqazda oynadığı rolu dəyərləndirə bilir. Yeni Kaledoniyada baş verənlər fonunda Fransa-Azərbaycan münasibətlərinin daha da gərginləşəcəyini ehtimal etmək olar. Paris birbaşa və Avropadakı imkanlarından istifadə edərək, Azərbaycan əleyhinə çirkin niyyətlərini həyata keçirməyə çalışacaq. Odur ki, belə vəziyyətdə rəsmi Bakının Vaşinqtonla münasibətlərini inkişaf etdirməsinə ehtiyac var, əks halda, iki cəbhədə diplomatik mübarizə Azərbaycana əlavə çətinliklər yarada bilər.

Vaşinqtondakı görüşdə Azərbaycanla bağlı bu sualların səslənməsi mümkündür:

Azərbaycanla Ermənistan arasında sülh və ya çərçivə sazişinin bu il imzalanması nə dərəcədə realdır?

Azərbaycan Ermənistanın regional layihələrə qoşulmasına razıdırmı?

Rusiyanın danışıqlar prosesini əngəlləməsi mümkündürmü?”.

Elxan Şahinoğlunun fikrincə, Vaşinqton Cənubi Qafqazda sülh və bölgə ölkələri arasında əməkdaşlıqda maraqlıdır:

“Bu, Azərbaycanın maraqları ilə üst-üstə düşür. Bu səbəbdən Vaşinqton Prezident İlham Əliyevin irəli sürdüyü “Qafqaz Evi” ideyasını dəstəkləməlidir. Çünki bu ideyanın reallaşması Rusiya və İranın bölgəyə təsir imkanlarını minimuma endirəcək. Moskva ilə Tehranın Cənubi Qafqazda fəallığının əleyhinə olan Vaşinqton eyni zamanda Orta dəhliz layihəsinin əleyhinə olmamalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər