8 May 12:34
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyadan sonra Qazaxıstan da Mərkəzi Asiyadan, xüsusən Tacikistandan olan miqrantlara qarşı yoxlamaları gücləndirib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin “Azadlıq” radiosu məlumat yayıb.

Qazaxıstanda işləyən tacik miqrantlar radioya yerli polisin Mərkəzi Asiya ölkələrinin vətəndaşlarına qarşı yoxlamalar apardığını, nəticədə onların saxlanılaraq deportasiya edildiyini bildiriblər.

Miqrantlardan biri deyib: “Hətta müvəqqəti yaşamaq hüququ olanların saxlanılaraq deportasiya edildiyi hallar var”.

Mayın 7-də Tacikistan Xarici İşlər Nazirliyi Qazaxıstana gedən ölkə vətəndaşlarına icazə sənədlərini götürmələri barədə xəbərdarlıq edib. Qurum bunu Qazaxıstan hökumətinin ölkənin beynəlxalq hava limanlarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə izah edib.

Bundan əvvəl Qazaxıstan polisi Ulitau vilayətində işləyən 16 miqrantın ölkədən çıxarılması barədə məlumat vermişdi. Onlardan 9-u Tacikistan, 7-si Özbəkistan vətəndaşıdır.

“Məlum olub ki, həmin əcnəbilər müvafiq icazə və sənədlər olmadan Satpayev şəhərində işləyirmiş. Qanunvericiliyi və asayişi təmin etmək üçün bütün əcnəbi vətəndaşlar ölkə ərazisindən deportasiya edilib”, - Qazaxıstan polisinin açıqlamasında ​​deyilir.

Apreldə Tacikistan XİN ölkə vətəndaşlarına Rusiyaya səfərlərdən imtina etməyi tövsiyə edib. Nazirliyin bəyanatında açıq qeyd olunmasa da, hüquq müdafiəçiləri buna səbəb kimi Moskvada (“Crocus City Hall”) baş vermiş terror aktından sonra Rusiyada Tacikistan vətəndaşlarına artan təzyiq dalğasını göstərirlər. Çünki həbs edilən şübhəlilərin əksəriyyəti Tacikistan vətəndaşıdır.


Müəllif: Mənsur Rəğbətoğlu