17 May 23:54
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya yeni qüvvə və silahların gəlməsini gözləyən Ukrayna ordusuna qarşı döyüşdə yeni mövqelər tutaraq, cəbhə xətti boyunca bir neçə nöqtəyə zərbələr endirir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post”un təhlilində deyilir.

Nəşr yazır ki, son günlərdə Rusiyanın Xarkov vilayətinə hücumu minlərlə insanın didərgin düşməsinə səbəb olub. Təxliyə edilənlər bu hücumların birincidən daha sərt olduğunu söyləyirlər. ABŞ nəşri qeyd edir ki, rus ordusu cənubda da uğur qazanır. Rusiyanın qazancları nisbətən kiçik olsa da, analitiklər əhəmiyyətli olduğunu bildirirlər. Çünki ruslar böyük bir coğrafi ərazidə Ukrayna ordusuna təzyiq göstərirlər.

“Hər tərəfdən təzyiq edərək, Ukrayna ordusu üçün zəif nöqtələr yaratmağa çalışırlar”, - amerikalı analitik Maks Berqman vurğulayıb.

Müəlliflər əlavə edirlər ki, Rusiyanın son bir neçə həftə ərzində götürdüyü ərazilər Ukraynanın 2023-cü ilin yazında başlayan əks-hücumu zamanı geri aldığı ərazlərlə təxminən eynidir.

ABŞ-dən Ukraynaya yardımın 7 ay gecikməsi və səfərbərliklə bağlı problemlər də, Rusiya ordusunun irəliləməsinə zəmin yaradır. Kiyevin artilleriya mərmiləri və uzaqmənzilli sursat ehtiyatları tükənmək üzrədir. Bu, Ukraynanın müdafiə imkanlarına mane olur.

Eyni zamanda, siyasi analitik Can Gentilin fikrincə, Rusiyanın yeni hücumları Ukrayna ordusunun mümkün əks-hücum əməliyyatlarına mane ola bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər