21 May 13:13
1 908
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlin əvvəlində Tayvan prezidenti seçilən Lay Çin-Tenin andiçmə mərasimi Pekində narazılıqla qarşılanıb. Adanın hazırkı rəhbəri və partiyası müstəqilliyin tərəfdarıdır. Çin-Te Pekinlə dialoq tərəfdarı olsa da, Çin hakimiyyəti onunla müzakirəni hələ məqbul saymır. Pekin hesab edir ki, Tayvan rəhbəri adada Çinlə yaxınlaşmaq istəyən vətəndaşlar və siyasi partiyalara təzyiq edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, bu gərginlik Çinlə Tayvanın sülh yolu ilə birləşməsi imkanlarını azaldır:

“Tayvanda müxalif partiyaların nümayəndələri prezidentə Pekinlə münasibətlərdə gərglik yaratmamağı tövsiyə ediblər. Mövcud vəziyyətə Çin-ABŞ münasibətləri də təsir edir. Pekin Tayvanda separatçı fəaliyyətləri məhdudlaşdırmağa çalışarkən, Vaşinqton ada rəhbərliyinə dəstəyini davam etdirir. Ağ Ev həmçinin Ukrayna və Qəzzada müharibə davam edərkən, Asiya-Sakit Okean bölgəsində yeni münaqişədə maraqlı deyil. Vaşinqton Tayvanla Çin arasında qarşıdurma istəmir, ancaq Pekinin adaya qarşı hərbi təzyiqini artırmasının əleyhinədir. Buna görə də, Pentaqon Tayvanı silahlandırmaqda davam edir. Bu isə öz növbəsində Çinlə ABŞ arasında münasibətləri gərginləşdirir.

“The New York Times” yazır ki, Tayvan prezidenti Vaşinqtona Pekinlə qarşıdurmaya getməyəcəyi vədini verib. Ancaq buna riayət etmək çətindir. Çünki Tayvan lideri adanın Çinə birləşdirilməsinin əleyhinədir. Tayvan prezidenti Pekinlə dialoqun əvəzinə, ABŞ-nin adaya hərbi dəstəyinin artırmasını istəyir”.

“Atlas”ın ekspertləri hesab edirlər ki, Çin lideri Si Cinpin qarşısına qoyduğu hədəfə çatmağı arzulayır:

“Cinpin hakimiyyətdə olduğu dövrdə Tayvanı Çinə birləşdirməyə çalışacaq və bunu çıxışlarda da bildirib. ABŞ-də noyabrda prezident seçkisi keçiriləcək. O vaxta qədər ABŞ-də siyasi hərarət və rəqabət artacaq. Pekin bu vəziyyətdən istifadə edərək, Tayvana təzyiqi artıracaq.

“Al Jazeera”nin məlumatına görə, Çin hərbi gəmilərinin Tayvan ətrafında sayı artıb. Çin bununla Tayvan limanlarına yaxınlaşan ticarət gəmilərini nəzarətə götürmək imkanı qazanır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər