23 May 14:27
379
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Fələstinin müstəqilliyini tanımadan təhlükəsizlik məsələlərini həll edə bilməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Avropanın üç dövlətinin Fələstinin müstəqilliyini tanıması İsrail hökumətinin Qəzzada müharibə qərarına təsir edəcəyini söyləmək çətindir. 1980-ci illərin sonlarından Fələstinin müstəqilliyini 140-a yaxın dövlət tanıyıb, ancaq bu tanıma Təl-Əvivin siyasətini dəyişdirməyib. İsrail Baş naziri Benyamin Netanyahu xarici təzyiqdən çəkinmir, ona əsas təzyiq ölkənin içindəndir. İsrail müdafiə naziri Yoav Qallant Netanyahu ilə fikir ayrılığı içindədir. Müdafiə naziri baş naziri Qəzza ilə bağlı gələcək planının olmamasında ittiham edib. Qallantın məntiqi anlaşılandır. Netanyahunun konkret planı yoxdur. Tutaq ki, Qəzza tam nəzarətə götürüldü, bəs sonra - fələstinlilər harda yaşayacaqlar, təhlükəsizlik məsələləri necə həll olunacaq? Məsələ budur ki, İsrail ordusu əbədi olaraq Qəzzada qala bilməz, bu həm böyük maliyyə, həm də İsrailə daimi təzyiq deməkdir”, - ekspert bildirib.

Elxan Şahinoğlu qeyd edib ki, Qəzzanın gələcəyi ilə bağlı iki təklif var:

“Birinci təklif bundan ibarətdir ki, Qəzza HƏMAS-ın rəqibi - Fələstin Azadlıq Təşkilatının İcraiyyə Komitəsinin idarəetməsinə verilsin. Təl-Əviv bu təklifə o şərtlə razılaşa bilər ki, Fələstin Azadlıq Təşkilatı Qəzzada HƏMAS-ın varlığına imkan verməsin. Ancaq bu təminatı kimsə vermək iqtidarında deyil. HƏMAS vaxtilə silah yoluyla Fələstin Azadlıq Təşkilatını Qəzzadan uzaqlaşdırmağa müvəffəq olub. HƏMAS bunu yenə təkrarlaya bilər.

İkinci təklifi Ərəb Liqası irəli sürüb. Bu təklifə görə, Qəzzada BMT bayrağı altında sülhməramlı qüvvələr yerləşdirilməlidir. Ancaq bu təklifin də mexanizmi tam bəll deyil. Tutaq ki, BMT qüvvələri bölgədə yerləşdirildi, idarətmə kimin səlahiyyətində olacaq?

Beləliklə, Qəzzanın gələcəyi ilə bağlı suallar cavabsız qalır. İsrailin yeganə alternativi məsələnin köklü həllinə razılaşmaq, Fələstinin müstəqilliyini tanımaqdır. Bəllidir ki, qatı müfahizəkar siyasətçi olan Netanyahu bununla razılaşmayacaq. Ümid İsraili idarə edəcək gələcək liderlərədir. İsrail Fələstinin müstəqilliyini tanımadan təhlükəsizlik məsələlərini həll edə bilməyəcək və Təl-Əvivin müxtəlif dövlətlərlə münasibətləri normallaşmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər