24 May 11:07
2 962
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Entoni Blinken ölkə daxilində kütləvi etirazlara səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanununu qəbul edən Gürcüstan rəsmiləri üçün yeni viza məhdudiyyətləri elan edib.

Teleqraf.com xəbər verir ki, Amerikanın baş diplomatı rəsmi Tiflisi insan haqlarını pozmaqda günahlandırıb.

Blinken bildirib ki, son bir neçə ayda hakim “Gürcü Arzusu” partiyası söz və sərbəst toplaşmaq azadlığını boğacaq, Gürcüstan vətəndaşlarına xidmət edən təşkilatlara zərər verəcək və müstəqil medianın işinə mane olacaq qanunlar hazırlayıb və qəbul edib.

“Gürcülər qanuna qarşı çıxdıqca biz fərqli fikirləri yatırmaq üçün hədə-qorxu və zorakılıq kampaniyasının açıq əlamətlərini gördük”, - Blinken vurğulayıb.

Onun sözlərinə görə, etirazları yatırmaq üçün istifadə edilən qayda və repressiya taktikası Gürcüstan demokratiyası və gürcü xalqının hüququ olan əsas azadlıqlara xələl gətirir və bunlar Gürcüstanın konstitusiyasında əksini tapmış Gürcüstanla Avro-Atlantik əməkdaşlıq və ABŞ ilə uzunmüddətli strateji tərəfdaşlıq məqsədlərinə ziddir.

Baş verənlərə cavab olaraq, ABŞ Dövlət Departamenti Gürcüstanda demokratiyanın pozulması və dinc etirazların zorakılıqla yatırılmasına görə məsuliyyət daşıyan şəxslər və onların ailə üzvlərinə şamil edilən yeni viza məhdudiyyəti siyasətini tətbiq edəcək.

Blinken əlavə edib ki, Gürcüstanın demokratik proseslərini pozan hər kəs ABŞ vizaları və bu ölkəyə səyahət hüquqlarından məhrum ediləcək.

Bundan başqa, Blinken vurğulayıb ki, ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığı da nəzərdən keçirmək olar.

“Ümid etməkdə davam edirik ki, Gürcüstan hakimiyyəti qanun layihəsini nəzərdən keçirəcək, demokratiya və Avro-Atlantik məqsədlər istiqamətində irəliləmək üçün addımlar atacaq. İki ölkə arasındakı münasibətlərə nəzər salaraq qərar qəbul edərkən Gürcüstanın hərəkətlərini də nəzərə alacağıq”, - Blinken əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər